İftar və sahur ədəbləri
Bismilləh.
Əlhəmdulilləh
Məlum olduğu kimi, oruc tutmaq bir ibadətdir. Oruc ibadət olandan sonra, onunla bağlı məsələlərin də dindəki yerini vəhy işığında görmək mümkündür.
Bunlardan biri iftar, digəri sahurdur.
I. İftar
İftar təməldə Rasullullaha (ﷺ) tabe olmaqdır – bu da Allahın əmr etdiyi mühüm məsələlərdəndir. Allah, insanları Ona ibadət, itaət etmək məqsədi ilə yaratmış, göndərdiyi elçiləri də Allahın əmrlərini insanlara çatdırmaqla bərabər bu itaət yolunu insanlara göstərməsi, öyrətməsi üçün göndərmişdir.
~ İftar, şəriət hökmü olaraq oruc ibadətinə xitam verməkdir.
Orucun məqsədi, qayəsi ac-susuz qalmaq deyil, Allaha ibadətdir. Buna görə pozmaqla bitirmək də həmin aclıq-susuzluğu dəf etməkdən daha mənalı, daha fəzilətli bir əməldir. Rasulullah (ﷺ) orucu pozmadan günlərlə oruc tutmağı (vüsal orucu) qadağan etmişdir. Oruc açmağı, hətta bunu gecikdirməməyi belə israrla tələb etmişdir
~ İftar, Allahın xüsusi qeyd etdiyi iki sevincdən biridir.
Rasulullahın (ﷺ) Rəbbimizdən rəvayət etdiyi hədisdə, oruc tutanın biri axirətdə, digəri dünyada olmaqla yaşadığı iki sevincindən biri iftar açdığı andır.
~ İftar vaxtı edilən dua müstəcəbdir (Allah tərəfindən qəbul edilən).
Daha bir ibadət olan - Allaha dua etmək - iftar əsnasında yer almaqdadır.
II. Sahur
Sahur da iftar kimi Rasulullaha (ﷺ) tabe olmaqdır.
~ Sahur vacib olmayıb fəzilətli, müstəhəb əməllərdəndir. Rasulullah (ﷺ) bunu təkidlə əmr etmişdir.
~ Sahur edənlərə Allah və mələkləri salavat edər
~ Sahurda bərəkət var.
Sahur
Sahurda bərəkət, mükafata nail olmaq, Sünnəyə tabe olub qeyri-müsəlmanlara muxalifət etmək, oruclunun gücünü artırıb, məşəqqətləri azaltmaq, bununla da daha çox oruc tutma şövqünü oyatması ilə gerçəkləşir.
~ Sahur fəzilətli, bərəkətli vaxta təsadüf edir.
Şərəfli, bərəkətli səhər vaxtları rəhmətin endiyi, dua və istiğfarın qəbul edildiyi zamandır. Həmin vaxt sahura qalxan adamın dəstəmaz alıb namaz qılma ehtimalı olur. Həmçinin ola bilər ki, oruclu kəs fəcr doğub sübh namazına qədər ibadət etməyi vərdiş halına gətirər.
Sahur və iftarın ədəbləri
1. Azan vermək
Azan həm axşam namazının həm də iftar vaxtının girməsini elan edir. Bundan əlavə azan İslamın şüarı, Allahın böyüklüyünün, vəhdaniyyətinin, hz. Muhammədin (ﷺ) risalətinin, namazın vacibliyinin elanıdır.
“...Gecə bu tərəfdən (Şərq tərəf) gəldiyini gördünüzsə, oruclunun iftar etmə vaxtı gəlmişdir”
2. İftarı açmaqda tələsmək
Azanı uzatmadan vaxtı girən kimi vermək. Azan sədalarını eşidən kimi orucu açmaq.
“İnsanlar iftara tələsdiyi müddətdə, xeyir üzrə olmağa davam edərlər”
3. İftarı xurma ilə, olmazsa su ilə açmaq
“Sizdən biri oruc olduğu zaman xurma ilə iftar etsin. Həqiqətən o bərəkətlidir. Xurma tapa bilməzsə orucunu su ilə açsın. Çünki su təmizdir”
4. Yeməyi iftar açdıqdan sonra, axşam namazından öncə yemək. Yaxud iftarı açıb namazı qıldıqdan sonra yemək
Yeməyi şəraitdən, yeməyin hazır olub-olmamasından, camaatın vəziyyətindən asılı olaraq yemək.
“Rasulullah axşam namazını qılmadan əvvəl yaş xurma ilə iftar edərdi...”
“Axşam yeməyi hazır olduqda, namazdan öncə yeməyə başlayın və yemədə tələsməyin!”
5. İftar açarkən “Bismilləh” demək, sağ əl ilə yemək, içmək
“Bismilləh” de, sağ əlinlə ye, qabağından ye!”
6. İftar açarkən dua etmək
İftar açarkən ehtiyac duyulduğu hər hansı bir dua edilə bilər
“Oruc tutanın iftar vaxtı geri qaytarılmayan duası vardır.”
Orucu açarkən:
اللهم لك صمت و على رزقك افطرت
[Allahummə! Ləkə sumtu va alə rizqukə əftartu]
“Allahım Sənin üçün oruc tutdum və Sənin verdiyin ruzi ilə orucumu açdım”
Orucu açdıqda:
ذهب الظما و ا بتلت العروق و ثبت الاجر ان شاء الله
[Zəhəbəz-zamau vab-təllətil-uruqu, va səbətəl-əcru inşəə-əllah]
“Susuzluq getdi, damarlar sulandı. Savab sabit oldu inşallah”
7. İftar vaxtı iç dünya, qəlb/ruh ilə bəzi halları yaşamaq
Allahı zikr etmək
Oruc böyük bir ibadətdir, iftar da bu ibadətin xətmidir.
İftar vaxtı Uca Allah qarşısında ibadət və itaətdə olmağı xatırlamaq. Bu zaman yer üzündə Allaha asi olmaq üçün toplanan neçə-neçə məclislərin olduğunu düşünmək. Bu ibadətə müvəffəq qılan Allaha şükr etmək. Bu nemətin davamlı qılınmasını istəmək, əldən çıxmasından dolayı Allaha sığınmaq. Yol verilən günah və nöqsanlardan dolayı bağışlanma diləmək.
Allahın müjdə verdiyi sevinci yaşamaq
Allaha itaət, ibadət olaraq oruc tutub, onu tamamlama münasibəti ilə fərəh, sevinc halını yaşamaq.
“...Oruc tutanın iki sevinci vardır. Biri iftar açarkən, digəri də Rəbbinə qovuşduğu zaman...”
Allahın vəd etdiyi mükafatı düşünmək
“Adəm oğlunun bütün əməlləri özünə aiddir. Oruc istisna. O Mənim üçündür. Onun mükafatını Mən verəcəyəm...”
8. Sahur
Sahur etmək
“Sahurda bərəkət var. Sizdən biri bir qurtum su ilə də olsa sahur etsin. Allah və mələkləri sahur edənlərə salavat edər”
Sahura qalxdıqda gecə namazı qılmaq, dua və zikirlər etmək
“Rəbbimiz Təbarəkə və Təalə hər gecə, gecənin üçdə birində dünya səmasına enər və buyurar: “Mənə dua edən yoxdurmu duasına cavab verim, bir istəyi olan yoxdurmu istədiyini verim, bağışlanma diləyən yoxdurmu onu bağışlayım”
Sahuru gecikdirmək (Gecənin son qismi, sübhə yaxın etmək)
“Zeyd bin Sabitdən gələn rəvayətə görə, o Rasullah (ﷺ) ilə bərabər sahur etdikdən sonra, Rasullah (ﷺ) qalxıb namaza getdi. Sahurun bitməsi ilə sübh namazı arasındakı zaman əlli ayə oxunacaq qədər idi...”