Sual
Öldükdən sonra və ya ümumiyyətlə orqan bağışlamaq icazəlidirmi?
Müxtəsər cavab
Bismilləh,
Allaha həmd olsun!
Əvvəla bir şeyi xatırlatmaq istərdik. Orqanları nəql etmək kimi əməliyyatlar nə Rəsulullahın (ﷺ) zamanında, nə də ondan sonraki ilk dıvrlərdə olmamışdır. Bu məsələlər yeni olduğu üçün zamanımızın alimləri bu məsələdə fətva vermişlər.
Orqanların nəqli məsələsində bir şey üzərində mülkiyyət sahib olma əsas götürülmüşdür.
İnsan həyatı və can varlığı Allaha müxsusdur. Buna görə də onun həyatı üzərində, orqanları üzərində, sahib olduğu şeylər üzərində tam mülkiyyət haqqı yoxdur, bunları istədiyi kimi sərf edə bilməz.
Sizin sualda toxunduğunuz məsələyə gəldikdə, bu barədə müasir alimlərimiz bəzi fikirlər bəyan etmişlər.
Bəzi hallarda müəyyən şərtlərlə adam öz orqanını başqa birisinə hədiyyə edə bilər.
Bədənin hər hansı bir orqanını verilməsinin şərtlərinə gəldikdə, bunu deyə bilərik. Ümumi qaydaya görə bir zərər görüldükdə onu güc, imkan daxilində dəf etmək gərəkir. Bu da öz növbəsində özünü təhlükəyə atmaqla yeni zərərə yol açmamlıdır.
“Zərər ortadan qaldırılmalıdır” və “Zərər zərərlə ortadan qaldırılmaz” kimi iki qayda bir yerdə ələ alınmalıdır. Bir adam xəstə birini xilas etmək üçün öz orqanını bağışlaya bilər, ama bu özünü eyni hala salmaq bahasına olmamalıdır.
Həmçinin orqanı hədiyyə edən şəxsin tək özünün deyil, üzərində haqqı olanların da zərər çəkməsinə səbəb olmamalıdır. Uşaqlarının, yaşlı valideyinlərinin, həyat yoldaşının, borclu olan alacaqlıların üzərində haqqı olan bir kişinin orqanını hədiyyə etməklə iş qabiliyyətini itirib ruzi qazanmasına əngəl olacaqsa bu vəziyyətdə belə bir orqan hədiyyəsi caiz deyil.
Yenə, bir qadının ərinin icazəsi olmadan orqanını hədiyyə etməsi caiz deyil. Çünki ərinin onun üzərində haqqı var.
Ağıl naqisliyi kimi ruhi xəstə və həddi buluğa çatmamış uşaqlrda ağıl və buluğ sifətləri olmadığı üçün orqanını hədiyyə etmə qərarı verə bilməz. Eyni zamanda onların vəlisinin (himayədarı, qəyyumu, böyüyü) himayəsi altındakıların adına onların orqanlarının hədiyyə edilməsinə qərar verməsi caiz deyil. Necə ki, onların malını paylamaq caiz deyilsə, maldan daha dəyərli və üstün olan onların bədənlərinin bir qismini də bağışlaması caiz deyil.
Orqanların satılmasına gəldikdə alimlərimiz bunun caiz olmadığını bildirirlər.
Bir də öldükdən sonra bədəninin bir qismini hədiyyə etmək haqda.
Ümumiyyətlə ölünün cəsədinə də diriyə olan münasibət göstərilməlidir. Hətta meyiti daşıyarkən, yerini dəyişərkən, yuyarkən cənazəyə sayğı göstərilməlidir.
Buna görə bu məsələdə dəqiq bir söz söyləmək olmur. Ancaq xüsusi hal, səbəb olarsa, buna icazə verilə bilər. Əgər bir kəs öldükdən sonra hər hansı bir orqanının kiməsə verilməsini vəsiyyət etmişdirsə, onda bu icazəli olur və adamın vəsiyyəti yerinə yetirilir. Əgər ölən adam vəsiyyətində buna icazə verməyibsə varisləri də icazə verə bilməz.
Yumurtalığın nəqlinə gəldikdə isə bu haramdır. Çünki mütəxəssislərin rəyinə görə insandan irsiyyət yolu ilə nəslinə keçən özəlliklər burada saxlanmış olur. Buna görə yumurtallığı bir insandan digərinə nəql etmək, uşaq doğulduqda yumurtalığın alındığı adamın bədən rəngi, boy hündürlüyü, zəka, xəsiyyət və digər ruhani və fiziki xüsusiyətlərin o uşaqa nəql edilməsi deməkdir. Bu isə, valideyinlərin kimliyinin biri-birinə qarışıb məchul olması kimi, nəsillərin qarışması kimi nəticələrə gətirər. Nəticədə uşağın nəsəbi qarışmış olur. Nəsillər, ata, ana, qohum-əqrəbə - bütün bunlar qarma-qarışıq hala gəlir. Bunun nəticəsində İslamın böyük əhəmiyyət verdiyi ailə, namus, məhrəmiyyət və vərəsəlik məsələləri də qarma-qarışıq hala gəlmiş olur. Bu isə haramdır.
Ətraflı cavab
Bismilləh,
Allaha həmd olsun!
İslam dini insan həyatına böyük əhəmiyyət vermişdir. İstər özünün istərsə də başqasının həyatına son verməsini (intihar, qətl) böyük günah olduğunu təyin etmişdir. Bir insanı öldürmənin butün bəşəriyyəti oldürməyə bərabər olduğunu, bir insanın həyatını xilas etmənin də bütün bəşəriyyəti xilas etməyə bərabər olduğunu bildirmişdir.
“Buna görə də İsrail oğullarına yazıb buyurduq ki, kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar...” 1
Orqan nəqli, xəstə insanı yaşatmaq kimi olduqca həssas bir mövzudur. Bunu hər kəs anlayır, amma hisslərə, duyğulara qapanıb qeyri-qanuni orqan ticarəti ilə məşğul olan cinayətkar qrupların məkrlərinin qurbanına çevrilmək də yolverilməzdir. Bu işlə məşgul olan qanuni fəaliyyət göstərən klinikalar mövcuddur ki, onlara müraciət etmək uyğundur.
Mövzunun dini yönünü ələ almamış bir şeyi xatırlatmaq istərdik. Orqanları nəql etmək kimi əməliyyatlar nə Rəsulullahın (ﷺ) zamanında, nə də ondan sonrakı ilk dövrlərdə olmamışdır. Bu məsələlər yeni olduğu üçün zamanımızın alimləri bu məsələdə fətva vermişlər. Buna görə heç bir fəqih (alim) öz görüşünün mütləq doğru olduğunu iddia edə bilmir, amma bir alim öz rəyini daha doğru görə bilər.
Orqanların nəqli məsələsində bir şey üzərində mülkiyyət sahibi olma əsas götürülmüşdür.
İnsan həyatı və can varlığı Allaha müxsusdur. Ruh, vücud, sahib olduğu mal-mülk; hər şeyi ilə bir yerdə Allahın mülkiyyətidir. Buna görə də onun həyatı üzərində, orqanları üzərində, sahib olduğu şeylər üzərində tam mülkiyyət haqqı yoxdur, bunları istədiyi kimi sərf edə bilməz. İnsan istədiyi vaxtı istədiyi yerə baxma haqqı yoxdur, istədiyini danışma haqqı yoxdur, istədiyi yerə getmək, əli ilə istədiyini etmək haqqı yoxdur, malını istədiyi kimi xərcləyə bilməz. Bu haqq onun əsl Sahibinə (Malikinə) aiddir. İnsan bunlardan yalnız Mülkün sahibinin (Malikul-mülk) qoyduğu hüdudların halalların çərçivəsində istifadə edə bilər. İnsan Allahın haram elədiyi naməhrəmə yaxud başqa baxmaması gərəkən yerlərə baxa bilməz, insan yalan danışa bilməz, qeybət edə bilməz, günah olan yerlərə gedə bilməz və sair. Ruh, qəlb misalında da Allahdan başqasına ibadətlə yönələ bilməz, şərik qoşa bilməz. Mal məsələsində də həmçinin, malını israf edə, haram olan yerlərə xərcləyə bilməz. Bədən və onun ibarət olduğu orqanları əsl Sahibi olan Allah tərəfindən haram qıldığı işlərə sərf edə bilmədiyi kimi, intihar etmək kimi canına qıymaq, bədəninə xəsərat yetirmək, vücudunun bir qismini qoparıb, kəsmək də olmaz. Yalnız xəstəliklə bağlı cərrahiyə əməliyyatlar kimi hallar istisna təşkil edir.
Sizin sualda toxunduğunuz məsələ (orqanların başqa birisinin istifadəsi üçün verilməsi) gəldikdə, bu barədə müasir alimlərimiz bəzi fikirlər bəyan etmişlər.
Bəzi hallarda müəyyən şərtlərlə adam öz orqanını başqa birisinə hədiyyə edə bilər.
Bunu bir növ mala bənzətmişlər. Vücud ilə mal ayrı şeylər olsa da aralarında bənzər tərəflər var. Mal da orqanlar da Allaha məxsus olub, insanın istifadəsi üçün əmanət olaraq verilmiş və istifadəsinə dair qaydalar, halal-haram hüdudları qoyulmuşdur.
İnsanın özünün mala ehtiyacı olsa belə onu başqası ilə bölüşmə haqqı vardır.
“Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə, əsirə verər.
Biz sizi yalnız Allahın Üzü xatirinə ixlasla, savabını Allahdan umaraq yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik!” 2
“(Mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış, (sonra ) (da) iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır” 3
Bütün bunlar yaxşı qarşılanır, Rəbbimiz tərəfindən təqdir edilir. Amma bununla özünü çətinliyə salmağa icazə verilsə belə, özünün və yaxınlarının həyatını təhlükəyə atacaq qədər ifrat dərəcədə olmamalıdır.
“(Malınızdan) Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir” 4
Rasulullahdan (ﷺ) belə rəvayət edimişdir: “Zərərə vermək və zərərə uğramaq yoxdur” 5
Malda olduğu kimi müəyyən vəziyyətdə bəzi şərtlərlə orqanların bağışlanmasına icazə verilmişdir.
Bu gün müsəlman dünyasında xəstələrə qan verilməkdədir. Qan da insanın bədəninin bir parçasıdır.
Şəriətin ümumi qaydası var. Bir zərər görüldükdə, onun ortadan qaldırılması üçün səy göstərmək gərəkir. Bu da güc, imkan nisbətində olmalıdır. Müsəlmanın boğulan birinin qurtarılması üçün suya atılması, yanan birinin qurtarılması üçün özünü atəşin içinə atması caizdir. Bu vəziyyətdə məqsəd özünü də, təhlükədə olan insanı da qurtarmaqdır. Bunun özünü öldürmək, intiharla bir əlaqəsi yoxdur.
Hər nə qədər sədəqə ilə daha çox mal xərcləməsi qəsd edilsə də, əslində bu yalnız mal ilə məhdud olmayıb daha geniş məfhumdur. Bədənin bir qismi ilə başqasına faydalı olmaq da veriləcək sədəqə qisminə daxildir. Bədən maldan daha fəzilətli olduğu kimi, vücudun sədəqəsi malınkından daha üstündür.
Bədənin bir qisminin verilməsinin şərtlərinə gəldikdə, malın misalında olduğu kimi bu da eyni qaydaya tabedir. Ümumi qaydaya görə bir zərər görüldükdə onu güc imkan daxilində dəf etmək gərəkir. Bu da öz növbəsində özünü təhlükəyə atmaqla yeni zərərə yol açmamlıdır.
“Zərər ortadan qaldırılmalıdır” və “Zərər zərərlə ortadan qaldırılmaz” kimi iki qayda bir yerdə ələ alınmalıdır. Bir adam xəstə birini xilas etmək üçün öz orqanını bağışlaya bilər, ama bu özünü eyni hala salmaq bahasına olmamalıdır.
Əslində hər bir orqanını bəxşiş verən adam üçün hər hansı bir dərəcədə zərərlidir. Bir məsələ var ki, orqanını hədiyyə edən adamın uğradığı zərər başqasının zərərindən daha qüvvətli və ya ona bərabər olmamalıdır. Məsələn ürək, ciyər kimi tək olan orqanlar var ki, bunu hədiyyə etdikdə insan yaşaya bilməz. Amma məsələn, sağlam və güclü bir adam əgər bir böyrəklə yaşaya biləcəksə, böyrəyinin birini ehtiyacı olan bir xəstəyə bağışlaya bilər. Yox əgər bunu etdikdən sonra, özü xəstə hala düşəcəksə, bu artıq özünü təhlükəyə atmaq, zərəri zərərlə ortadan qaldırmaq olur ki, bu da icazəli deyil.
Həmçinin orqanı hədiyyə edən şəxsin tək özünün deyil, üzərində haqqı olanların da zərər çəkməsinə səbəb olmamalıdır. Uşaqlarının, yaşlı valideyinlərinin, həyat yoldaşının, borclu olan alacaqlıların üzərində haqqı olan bir kişinin orqanını hədiyyə etməklə iş qabiliyyətini itirib ruzi qazanmasına əngəl olacaqsa bu vəziyyətdə belə bir orqan hədiyyəsi caiz deyil.
Yenə, bir qadının ərinin icazəsi olmadan orqanını hədiyyə etməsi caiz deyil. Çünki ərinin onun üzərində haqqı var.
Ağıl naqisliyi kimi ruhi xəstə və həddi buluğa çatmamış uşaqlarda ağıl və buluğ sifətləri olmadığı üçün orqanını hədiyyə etmək qərarı verə bilməz. Eyni zamanda onların vəlisinin (himayədarı, qəyyumu, böyüyü) himayəsi altındakıların adına onların orqanlarının hədiyyə edilməsinə qərar verməsi caiz deyil. Necə ki, onların malını paylamaq caiz deyilsə, maldan daha dəyərli və üstün olan bədənlərinin bir qismini də bağışlaması caiz deyil.
Orqanların satılmasına gəldikdə alimlərimiz bunun caiz olmadığını bildirirlər. Bu məsələdə bədən ilə mal bənzər götürülə bilməz. Məsələn, bir köynəyi 10 manata və ya 1 qram qızıla satmaq. İnsan bədəni maldan daha üstündür və mal deyil ki, satılmaqla dağıdılsın.
Bir də öldükdən sonra bədəninin bir qismini hədiyyə etmək haqda.
Ümumiyyətlə ölünün cəsədinə də diriyə olan münasibət göstərilməlidir. Hətta meyiti daşıyarkən, yerini dəyişərkən, yuyarkən cənazəyə sayğı göstərilməlidir.
Rasulullahdan (ﷺ) buyurur: “Ölünün sümüyünü kəsmək dirinin sümüyünü kəsmək kimidir.” 6
Buna görə bu məsələdə dəqiq bir söz söyləmək olmur. Ancaq xüsusi hal, səbəb olarsa, buna icazə verilə bilər. Əgər bir kəs öldükdən sonra hər hansı bir orqanının kiməsə verilməsini vəsiyyət etmişdirsə, onda bu icazəli olur və adamın vəsiyyəti yerinə yetirilir. Əgər ölən adam vəsiyyətində buna icazə verməyibsə varisləri də icazə verə bilməz. Əgər adam bu barədə bir söz söyləməmişsə, iş qalır varislərinin öhdəsinə, məsləhət, tələbat varsa, icazə verə bilərlər.
Müsəlman orqanını kafir birinə hədiyyə etməsinin caiz olduğu kimi, kafirin də orqanını müsəlman birinə nəql edilməsini əksər alimlər caiz görmüşlər. Bu alimlər öz fikirlərini onunla əsaslandırılar ki, bədən orqanları kafir və ya mömin kimi qiymətləndirilməz. Ümumiyyətlə bədən bir paltara bənzəyər. İnsanın həyatda inancları, əqidəsi, dini uğrunda istifadə etdiyi bir alətdir.
“Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!” 7
“Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri, eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər kor olar...” 8
Bu buyruqlardan anlaşıldığı kimi, kafirlərin orqanları əsl fiziki mənada deyil, mənəvi mənada küfr halındadır.
Yumurtalığın nəqlinə gəldikdə isə bu haramdır. Çünki mütəxəssislərin rəyinə görə insandan irsiyyət yolu ilə nəslinə keçən özəlliklər burada saxlanmış olur. Buna görə yumurtallığı bir insandan digərinə nəql etmək, uşaq doğulduqda yumurtalığın alındığı adamın bədən rəngi, boy hündürlüyü, zəka, xəsiyyət və digər ruhani və fiziki xüsusiyətlərin o uşağa nəql edilməsi deməkdir. Bu isə, valideynlərin kimliyinin biri-birinə qarışıb məchul olması kimi, nəsillərin qarışması kimi nəticələrə gətirər. Nəticədə uşağın nəsəbi qarışmış olur. Nəsillər, ata, ana, qohum-əqraba - bütün bunlar qarma-qarışıq hala gəlir. Bunun nəticəsində İslamın böyük əhəmiyyət verdiyi ailə, namus, məhrəmiyyət və vərəsəlik məsələləri də qarma-qarışıq hala gəlmiş olur. Bu isə haramdır.
“Allah bir adamın sinəsində (daxilində) iki qəlb yaratmamışdır. Allah nə zihar etdiyiniz zövcələrinizi sizə doğma ana, nə də oğulluğa götürdüklərinizi sizə doğma oğul etmişdir. (Onlar əslində öz atalarının oğullarıdır). Bunlar sizin dediyiniz boş (mə’nasız) sözlərdir. Allah doğru deyir və doğru yola gətirir! Onları (əsil-nəsəbləri bilinsin deyə) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha düzgündür. Atalarının kim olduğunu bilməsəniz, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır (onları qardaşım, əmioğlum, dostum deyə çağırın).” 9
Hər şeyin doğrusunu Allah bilir! 10