Sual
Salam aleykum. Mənim sualım İbrahim Peyğəmbərin oğlunu qurban etməsi ilə bağlıdır. Bu vaxta qədər mən elə bilirdim ki, qurban edilmək istənən oğul Hz. İsmayıldır. Uşaqlıqdan böyüklərdən də belə eşitmişdim. Namaza başlayandan və dinimi öyrənməyə başladıqdan sonra da bu cür oxumuş, eşitmiş və bilmişdim. Lakin bu yaxınlarda bir nəfər mənə dedi ki, qurban edilən oğul Hz. İshaq olub. Mən isə bunun yəhudi və xristianların kitablarında belə keçdiyini bildirdim. Həmin qardaş isə İslama görə də belə bir görüşün mövcud olduğunu söylədi. Bu məsələ barədə nə deyə bilərsiz?
Müxtəsər cavab
Aleykumussalam.
Bismilləh... Əlhəmdulillah! Əvvəla onu qeyd etmək istərdik ki, bu cür məsələlər əqidə əsasını təşkil etmir. Qurban edilmək istənən oğulun Hz. İshaq (ə) yaxud Hz. İsmayıl (ə) olması da nə həcc ayinlərinə, nə də hər hansı dinimizin hökümlərinə bir təsir göstərmir.
İkinci olaraq onu deyə bilərik ki, bu barədə Rasulullahdan ﷺ sağlam sənədlə (istinadla) gələn bir rəvayətə və ya hədisə rast gəlmədik.
Əldə edilən məlumatlara görə, yəhudi və xristian mənbələrində Hz. İbrahimin (ə) qurban etmək istədiyi oğlunun Hz. İshaq (ə) olduğu bildirilir.
İslam elmi qaynaqlarına gəldikdə isə, səhabə, tabein və sonrakılardan bu məsələ ilə bağlı müxtəlif nəqllər mövcuddur.
İslam elim mirasıda qurban edilməsi əmr olunan övladın məhz Hz.İsmayıl (ə) olduğu görüşünə meyl edənlər olmuş və bu rəy cumhurun yəni əksəriyyətin görüşü sayılmışdır.
Sizin dediyiniz kimi, yalnız Azərbaycanda deyil, bütün İslam coğrafiyasında da, müsəlmanlar arasında kök salmış ənənəyə görə, qurban kəsilmək istənən övlad məhz Hz. İsmayıldır (ə).
Bütün bu söylələnlərə əlavə olaraq bir daha vurğulamalıyıq ki, səhabə və tabeinlər daxil olmaqla İslam böyüklərindən qurban edilmək istənilən şəxsin Hz. İshaq (ə) olduğunu söyləyənlər də olmuşdur. Bu rəyə də hörmətlə yanaşmaq lazımdır.
Ətraflı cavab
Aleykum salam
Əlhəmdulillah! Əvvəla onu qeyd etmək istərdik ki, bu cür məsələlər əqidə əsasını təşkil etmir. Qurban edilmək istənən oğulun Hz. İshaq (ə) yaxud Hz. İsmayıl (ə) olması da nə həcc ayinlərinə, nə də hər hansı dinimizin hökümlərinə bir təsir göstərmir.
İkinci olaraq onu deyə bilərik ki, bu barədə Rasulullahdan ﷺ sağlam sənədlə (istinadla) gələn bir rəvayətə və ya hədisə rast gəlmədik.
Əldə edilən məlumatlara görə, yəhudi və xristian mənbələrində Hz. İbrahimin (ə) qurban etmək istədiyi oğlunun Hz. İshaq (ə) olduğu bildirilir.
İslam elmi qaynaqlarına gəldikdə isə, səhabə, tabein və sonrakılardan bu məsələ ilə bağlı müxtəlif nəqillər mövcuddur.
Cumhurun (böyük əksəriyyətin) görüşünə görə, Quranda xəbər verilən hadisədə Hz. İbrahimin (əleyhissalam) qurban kəsmək istədiyi oğlu Hz. İsmayıl (ə) olmuşdur. Hz. İshaq (ə) oldğunu söyləyənlər də olmuşdur.
İmam əl-Qurtubi öz təfsirində əl-Əsmaidən belə bir nəqlin olduğunu bildirir:
“O, Əbu Aamr əl-Əladan qurban olaraq başının kəsilməsi əmr edilən şəxs haqqında soruşmuşdu. Əbu Amr belə cavab verdi:
Ey Əsmai! Hz. İshaq nə vaxt Məkkəyə getdi ki? Məkkədə olan hz. İsmayıl idi. Atası ilə birlikdə Kəbəni inşa edən də odur. Qurban kəsilən yer də Məkkədədir.”
Quranda belə buyrulur:
وإِذْ يَرْفَعُ إِبْرَٰهِۦمُ ٱلْقَوَاعِدَ مِنَ ٱلْبَيْتِ وَإِسْمَٰعِيلُ رَبَّنَا تَقَبَّلْ مِنَّآۖ إِنَّكَ أَنتَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ
“Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!” – deyə dua etdilər.” 1
Yenə də, Quranda həmin hadisənin keçdiyi qissəyə nəzər saldıqda, müəyyən bir ardıcıllığı müşahidə etmək mümkündür.
“Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik. Uşaq onunla gəzəsi yaşa çatdıqda İbrahim: “Ey oğlum! Mən yuxuda səni qurban kəsdiyimi görürəm. Sən bu barədə nə fikirləşirsən?” - dedi. Uşaq: “Atacan, sənə əmr olunanı et! İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən”, - dedi. Hər ikisi (Allahın əmrinə) təslim olduğu və İbrahim onu üzüstə yatırdığı zaman. Biz ona belə səsləndik: “Ey İbrahim! Yuxunu təsdiqlədin. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq”. Şübhəsiz ki, bu, açıq-aydın bir sınaqdır. Biz (oğlunun) əvəzinə ona böyük bir qurbanlıq verdik.” 2
Uca Allah bu baş verən hadisəni xəbər verdikdən sonra belə buyurur:
وَبَشَّرْنَٰهُ بِإِسْحَٰقَ نَبِيًّا مِّنَ ٱلصَّٰلِحِينَ
“Biz ona, salehlərdən bir peyğəmbər olaraq İshaqımüjdələdik.” 3
Bəziləri, Hz. İshaqın (ə) bu müjdəsi Hz. İbrahimə (ə)qurban etmə hadisəsindən sonra verilmişdir və Hz. İshaq (ə) həmin hadisədən sonra dünyaya gəlmişdir deyərək məsələni izah etmişlər.
Quranda bu mövzuya aydınlıq gətirən daha bir ayə mövcuddur.
أَمْ كُنتُمْ شُهَدَآءَ إِذْ حَضَرَ يَعْقُوبَ ٱلْمَوْتُ إِذْ قَالَ لِبَنِيهِ مَا تَعْبُدُونَ مِنۢ بَعْدِى قَالُوا۟ نَعْبُدُ إِلَٰهَكَ وَإِلَٰهَ ءَابَآئِكَ إِبْرَٰهِۦمَ وَإِسْمَٰعِيلَ وَإِسْحَٰقَ إِلَٰهًا وَٰحِدًا وَنَحْنُ لَهُۥ مُسْلِمُونَ
“Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O oğlanlarından belə soruşdu: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” Onlar da: “Sənin İlahına və ataların -İbrahim, İsmail və İshaqın İlahı olan tək Allaha təslim olacağıq (Ona ibadət edəcəyik)! “-dedilər.” 4
Burada diqqəti cəlb edən əsas məqam Hz. Yəqubun dədə-babalarının adı çəkilərkən, oradakı ardıcıllıqdır.
1. Babası İbrahim (ə)
2. Əmisi İsmayıl (ə)
3. Atası İshaq (ə)
Birinci mülahizə: Burada Hz. İsmayılın (ə) qardaşı Hz. İshaqdan öncə qeyd edilməsi onun (ə) Hz. İbrahimin ilk və böyük oğlu olmasına işarət edir.
İkinci mülahizə: Nəslin atalar yolu ilə davam etməsi, cəmiyyətin quruculuğunda patriarxatın vacibliyi və əhəmiyyəti, onun tərtib etdiyi ailəyə, nəsəb-kökəmənsubiyyətin, qohumluq bağlarının qorunmasının əhəmiyyəti və fəziləti.
Üçüncü mülahizə: Əminin fəziləti.
Ayədə Hz. Yəqubun (ə) atalarının və babalarının qeyd edildiyi zaman atası Hz. İshaq (ə), babası Hz. İbrahim (ə) və onlarla bərabər əmisi Hz. İsmayıl (ə) da vurğulanır. Əmisi, soy-nəsəb, dədə-baba arasında onlardan ayrı və ya kənar biri olmadığı bildirilir.
Rasulullah ﷺ buyurduğu kimi:
«Kişinin əmisi atası kimidir (atası yerindədir) »5
Biz artıq uzatmayıb, burada tamamlayacağıq. Bir daha xatırladaq ki, sizin dediyiniz kimi, yalnız Azərbaycanda deyil, bütün İslam coğrafiyasında, müsəlmanlar arasında kök salmış ənənəyə görə, qurban kəsilmək istənən övlad Hz. İsmayıl (ə) olmuşdur. İslam elmi mirası da bu mövqeyə meyl etmiş, əksər (cumhur) alimlər bu fikri müdafiə etmişdirlər.
Bununla yanaşı, səhabələr və tabeinlər də daxil olmaqla İslam böyüklərindən qurban edilmək istənən şəxsin Hz. İshaq (ə) olduğunu söyləyənlər də olmuşdur. Bu rəyə də hörmətlə yanaşmaq lazımdır.
Bu cavabı faydalı hesab edirsiniz?
Rəyiniz üçün təşəkkür edirik və xoş gün keçirin!
Kateqoriyanın digər sualları
-
Cəhənnəm əbədidir? Hud sursəsinin təfsiri
Salam aleykum. Mən Cənnətin və Cəhənnəmin əbədi olduğunu bilirdim. Hud surəsi 105-108-ci ayələri oxu...
-
Qisas ayəsinin doğru izahı
Beqere suresi, 178 ayətdə olan bir söz baresinde sual vermek isteyirdim. Orada Allah'a inan...
-
Məryəmin qardaşı Harun kimdir?
Salam aleykum. Bu sualı forumda xristianlar vermişdilər. Quranda hz. Məryəmin İmranın qızı və hz. Ha...