Lizinq yolu ilə maşın almaq

  • 17.01.2025 - Sual nömrəsi: 1013
  • 222
Geri

Sual

Salam aleykum. Sualım lizinqin halal və ya haram olması ilə bağlıdır. Mən taksi sürücüsüyəm və hal-hazırkı maşınımı dəyişib yeni tələblərə cavab verən maşın almağı düşünürəm. Nəğd pulum olmadığından bank və ya hansısa investor vasitəsi ilə alsam harama girmiş olarammı? Yəni, mən banka və ya investora istədiyim maşını söyləyirəm, onlar maşın sahibindən istədiyim maşını alıb, sonra qiymətin üstünə karlarını qoyub, mənə kreditlə vadəli satırlar. Belə bir ticarət halaldırmı?

Müxtəsər cavab

Ümumi yanaşmaya görə lizinq yolu ilə hər hansı bir malı icarəyə almaq dini baxımdan caizdir. Lakin diqqət edilməsi gərəkən bəzi məqamlar vardır. Bunlar, malın halal olması, onu satanın mülkiyyətində olması və ya təslim edilməsinin mümkünlüyü və s. 

Bilinməsi lazımdır ki, bu gün lizinq olaraq bağlanan müqavilələrdə, əslində ya bu ad altında mahiyyəti alqı-satqı müqaviləsi olan bir əqd bağlanmış olur ki, belə hallarda burada lizinqdən söhbət gedə bilməz. Bu müqavilələrdə alqı-satqının bütün qaydaları keçərli olmalıdır. Yox, əgər lizinq müqaviləsidirsə burada icarə əqdindən söhbət getməlidir ki, bu halda da yenə icarənin qaydaları əsas götürülməlidir. 

Alqı-satqı müqaviləsi bağlanmış olsa, malın mülkiyyəti müştəriyə keçmiş olacaq və qarşı tərəf, həmin malın özü girov olaraq qeyd olunmazsa ödəmələrin gecikməsi halında malı müştəridən geri ala bilməyəcək. Başqa ifadə ilə desək, girov malın mülkiyyət hüququ müştəridə olduğu üçün satıcının heç bir yeni alqı-satqı müqaviləsi olmadan malı öz mülkiyyətinə keçirməsindən söhbət gedə bilməz. Belə vəziyyətdə borcun ödənməsi variantlarından biri girovun satılması ola bilər. Girovun satılması prossesində isə müştəri biləvasitə özü ya iştirak etməlidir ya da buna icazə verməlidir. Əks halda üçüncü tərəf, məkəmə və ya ədalətli aracı şəxs girov qoyulan malı misli qiymətindən (malın bazar dəyərindən) az olmayaraq satıb borcu ödəyə bilər. Əgər borc ödəndikdən sonra geriyə qalıq pul qalmışsa, bu məbləğ müştəriyə qaytarılacaq.

Əgər tərəflər arasındakı müqavilə icarə müqaviləsi olsa, müştəri təyin edilən müddətə qədər malın aylıq ödəmələrini edib, ondan istifadə edəcək. İcarə müddəti bitdikdən sonra isə əlavə olaraq alqı-satqı müqaviləsi bağlanaraq, rəmzi bir məbləğ müqabilində mal müştərinin mülkiyyətinə keçmiş olacaq. Bu halda ödəmələrin gecikməsinə görə müştəri razılaşdırılan məbləğdən əlavə heç nə ödəməməlidir. Lakin ödömələr vaxtında yerinə yetirilməzsə, digər icarə müqavilələrində olduğu kimi, bu halda da, müştəri icarə hüququni itirmiş olacaq.

Ətraflı cavab

Bismilləh... Allaha həmd, Peyğəmbərinə salat və salam olsun!

Həyatı asanlaşdırmaq üçün Allah təalə insanlar arasında təməl ehtiyac olan alqı-satqını mübah etmişdir. Çünki bir insan eyni anda hər şeyə sahib deyil. Bəzilərinin nağd pulu olduğu halda yemək-içmək, geyim, dərman və sair əşyaları olmadığından bu şeyləri pul ilə almaq ehtiyacı doğur. Başqa bir insanın isə əlində ərzaq, paltar, dərman kimi şeylər ola bilər və bu şeyləri satıb əvəzində ehtiyacı olan ev-eşik, minik kimi digər ehtiyaclarını qarşılamaq istəyir.
Allah alqı-satqını prinsip olaraq halal etmiş və onun haram olmaması üçün bəzi qaydalar, ölçülər təyin etmişdir. “Sələm (faiz) yeyənlər (Qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir...” 1

Alqı-satqının mübah çərçivədə olması üçün, satılan əşyanın və ya malın/məhsulun istifadə üçün yararlı, zərərsiz və halal olması lazımdır. Həmçinin satılan malın müəyyən edilməsi (məchul olmaması), alıcıya təslim edilməsi mümkün olması şərti də mövcuddur. Mala aid qeyd edilən qaydalardan başqa, alqı-satqı əqdinin istər satıcı, istər müştəri və istərsə də müqavilənin özü ilə bağlı başqa bir çox rükun və şərtləri də vardır ki, burada onların hamısına toxunmayacağıq. 

Sizin qeyd etdiyiniz şəkildə alqı-satqı etmək, yəni lizinq yolu ilə mal almaq, müasir məsələlərdən olub, ümumi olaraq caiz (icazəli) sayılmaqdadır. Lakin bəzən belə alqı-satqılarda nöqsanlara yol verilir ki, bu da bağlanan müqaviləni haram edir.

Lizinqin halal olması üçün müasir fəqihlər (İslam hüquqçuları) aşağıdakı kimi şərtlərin olmasını vacib görürlər:

1. Müştəri əldə etmək istədiyi malı (ev, avtomobil, məişət avadanlığı və s.) təyin edir, daha sonra bank və ya investora bildirir. Burada mal bank və ya investor tərəfindən alınmadan tərəflər arasında alqı-satqı müqaviləsi və ya kirayə müqaviləsi bağlanmamalıdır. Çünki heç kim sahibi olmadığı bir şeyi və ya mənfəəti başqasına sata və ya icarəyə verə bilməz. Rəsulullah (s.a.s.) Həkim bin Huzəm (r.a.) adlı səhabəyə “səndə olmayan şeyi satma!” 2 deyə buyurmuşdur. Belə olduğu təqdirdə bank və ya investor tələb olunan malı aldıqda, müqaviləyə qədər yarana biləcək riskləri və ya zərərləri özü qarşılamalı olacaq.

2. Bank və ya investor sözü gedən malı alıb mülkiyyətinə keçirir və sonra onu malı tələb edənə (müştəriyə) müqavilə ilə verir. Bu müqavilə ya alqı-satqı müqaviləsi ya da icarə müqaviləsi olacaq. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış olarsa müştəri müəyyən olunmuş zaman kəsimində pulu hissə-hissə (məsələn, aylıqlara bölərək) ödəyəcək. 3 Bu müqavilədə malın mülkiyyəti müştəriyə keçmiş olacaq və gələcəkdə bank və ya investor malı müştərinin əlindən ala bilməyəcək. Çünki alqı-satqı müqavilərləri tərəfləri bağlayıcı rola malikdir, yəni hər iki tərəfi əlinə aldığı pul və ya məhsulun sahibi edir.

Əgər bank və ya investor ilə müştəri arasındakı müqavilə icarə müqaviləsi olarsa bu halda malın mülkiyyət hüququ bank və ya investorda qalıb, ondan istifadə etmə hüququ müştəriyə satılmış olacaq. 4 Bu müqavilədə istifadə etmə müddəti təyin ediləcək və bu müddət ərzində müştəridən qaynaqlanan bir qüsur yoxdursa malın təmir və digər zərərlərini bank və ya investor qarşılamış olacaq. İcarə müddəti bitdikdən sonra isə tərəflər yeni bir alqı-satqı edəcək və bank və ya investor rəmzi bir məbləğ (məsələn 1 manat) müqabilində müştəriyə məhsulun mülkiyyət hüququnu verəcək. Bu nüansı lap başda, ilk dəfə icarə müqaviləsi bağlananda müştəri, həmçinin bank və ya investor müqavilədə bir tərəfli qaydada vəd olaraq yaza bilərlər. Bu vədə xilaf çıxmaq Allah qatında insanı günahkar etmiş olacaq.   

Onu da qeyd edək ki, iki müqaviləni, yəni həm alqı-satqı, həm də icarə müqavilələrini eyi anda bağlamaq caiz deyil. 5 Çünki Abdullah bin Amr (r.a.) Rəsulullahın (s.a.s.) bir alqı-satqıda iki alqı-satqı müqaviləsini qadağan etdiyini bildirmişdir. 6 (Nəsai, Əhməd) Beləliklə icarə müqaviləsinin müddəti bitdikdən sonra alqı-satqı müqaviləsi bağlana bilər.

3. Əgər tərəflər arasında müqavilə alqı-satqı müqaviləsi olsa müştəri müqavilədəki razılaşılan məbləği danışılan şəkildə hissə-hissə ödəməlidir. Ödəmədiyi təqdirdə satıcı tərəf (bank və ya investor) ödəmələrdə gecikməyə görə əlavə məbləğ tələb edə bilməz. Əks təqdirdə bu, riba (haram olan faiz) olacaq. Müştəri ödəmə hissələrini gecikdirdiyi təqdirdə isə satıcının onu məkhəməyə verərək və ya əlavə girov tələb edərək haqqını tələb etmə hüququ vardır. 

Allah daha doğrusunu bilir.

İstinadlar

Bu cavabı faydalı hesab edirsiniz?

Rəyiniz üçün təşəkkür edirik və xoş gün keçirin!