Sual
Salam aleykum. Xocam, sualım bank kartı ilə qızıl alqı-satıqısının hökmü ilə əlaqəlidir. Qızıl dükanında satıcı işləyirəm. Dükana müştəri gəlir, alacağı qızıl əşyasını seçir, amma ödəməni nağd pulla deyil, kartı POS terminala yaxınlaşdırıb edir. Bu alqı-satqı halaldır?
Müxtəsər cavab
Qızıl və gümüşün hər hansı nəğd valyuta ilə eyni anda alqı-satqısının gerçəkləşməsinin icazəli olduğu barəsində fəqihlər (İslam Hüquqçuları) arasında fikir ayrılığı yoxdur. Satıcının müştəriyə qızıl əşyasını verməsi və müştəridən bunun müqabilində anlaşdıqları məbləğin tamamını eyni məclisdə alması, bu əqdin halal sayılması üçün kifayətdir. Bu alqı-satqıda dəlillərin tələb etdiyi “əlbəəl” olması prinsipi yerinə yetirilmişdir.
Lakin hər hansı bank kartını POS terminala yaxınlaşdıraraq ödəmə etməklə qızıl və qızıl məmulatını almaqda müasir fəqihlər ixtilaf etmişlər. Bu ixtilafın başlıca səbəbi bu yolla ödəmənin “əlbəəl” prinsipinə uyğun olub olmamasıdır.
Bir qrup müasir alimlər hər hansı növ bank kartı ilə qızıl alışının “əlbəəl” prisipinin yerinə yetirilməməsinə görə caiz (icazəli) olmadığı qənaətindədirlər.
Bu mövzuda ikinci görüş isə bundan ibarətdir ki, bütün növ bank kartları, yəni həm “debit” əm də “kredit” kart ilə qızıl alışı caizdir. Bu görüşə görə belə alqı-satqılarda “əlbəəl” prinsipi “hökmən” (hüquqi) olaraq reallaşır.
Üçüncü görüşə görə isə qızıl alışı yalnız nəğd pulla və ya “debit” kartla caizdir. Hər iki halda ödənilən məbləğ müştərinin mülkündə mövcud olan pul ilə həyata keçmiş olur. Eyni zamanda belə alqı-satqıda anındaca POS terminaldan bu əməliyyatı təsdiqləyən fatura çıxmış olur ki, bu da mövcud əməliyyatda “əlbəəl” prinsipinin “hökmən” reallaşdığını təsdiqləyir.
Ətraflı cavab
Bismilləh... Allaha həmd, Peyğəmbərinə də salatu-salam olsun!
Dinimiz halal yolla qazanc əldə etməyi təşviq edib, haram yollara baş vurmağı isə qəti şəkildə qınayır, qadağan edir. Alqı-satqı ilə qazanc əldə etməyin halal və haram yolları vardır. Allah təalə buyurur ki; “...Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir...”1
İslam fiqhinə (İslam Hüququna) görə alqı-satqı əqdləri şəriətin təyin etdiyi bəzi qaydalara müvafiq olmalıdır. Bu qaydalardan bəziləri 1013 nömrəli sualın cavabında qeyd olunmuşdur. Qeyd edilən qaydalardan savayı, qızıl-zinət əşyalarının alınmasına dair bəzi əlavə hökmlər və ya qaydalar da var. Qızıl alqı-satqısında riayət olunması vacib olan qaydalardan biri də qızıl-zinət əşyası alınarkən onun valyuta ilə olan dəyərinin ödənməsinin eyni vaxtda gerçəkləşməsi şərtidir. Yəni, nisyə şəklində qızıl alınması dinimizin təlimatlarına ziddir. Qızıl-zinət əşyası ilə onun dəyəri olan pul eyni məclisdə, eyni anda həyata keçirilməlidir. Həmçinin müəyyən qızıl-zinət əşyasını kataloqda bəyənib, pulunu əvvəlcədən ödəyərək sifariş verib, daha sonra məhsulu əldə etmək də dinimiz baxımından caiz (icazəli) deyildir.
Peyğəmbərimiz (s.a.s.) bir hədisində belə buyurur: "Qızıl qızıl ilə, gümüş gümüş ilə, buğda buğda ilə, arpa arpa ilə, xurma xurma ilə, duz duz ilə, misilə-misil, başa-baş, əlbəəl (dəyişdirilsin). Əgər bu cinslər (bu əşya növlərinin təsnifləri) fərqli olarsa, o zaman əlbəəl olmaqla istədiyiniz kimi ticarət edə bilərsiniz."2
Həmçinin başqa bir hədisdə Əbu əl-Minhal deyir: “Şərikim gələn mövsümə qədər və ya gələn həccə qədər bir miqdar gümüş (pul) satmışdı. Gəlib mənə (bu haqda) xəbər verdi. Dedim ki; “Bu, doğru iş deyil”. Dedi ki; “Mən onu bazarda satdım və mənə heç kim irad tutmadı”. Sonra əl-Bəra bin Azibə gəlib (bu məsələnin hökmünü) ondan soruşdum. O, (cavabında belə) dedi: “Peyğəmbər (s.a.s.) Mədinəyə gələndə biz bu (dediyin) şəkildə alqı-satqı edirdik. O da (s.a.s.) “əlbəəl olduğu müddətcə qəbahət yoxdur, nisyə olarsa, bu ribadır.” dedi. (əl-Bəra bin Azib) dedi ki; “Zeyd bin Ərqama get. Onun ticarəti (ticarət haqqında elmi) mənimkindən daha çoxdur”. Onun da yanına getdim, eyni şəkildə (eyni hökmü) söylədi.”3
Qızıl və gümüşün hər hansı nəğd valyuta ilə eyni anda alqı-satqısının gerçəkləşməsinin icazəli olduğu barəsində fəqihlər (İslam Hüquqçuları) arasında fikir ayrılığı yoxdur. Satıcının müştəriyə qızıl əşyasını verməsi və müştəridən bunun müqabilində anlaşdıqları məbləğin tamamını eyni məclisdə alması, bu əqdin halal sayılması üçün kifayətdir. Bu alqı-satqıda dəlillərin tələb etdiyi “əlbəəl” olması prinsipi yerinə yetirilmişdir.
Lakin hər hansı bank kartını POS terminala yaxınlaşdıraraq ödəmə etməklə qızıl və qızıl məmulatını almaqda müasir fəqihlər ixtilaf etmişlər. Bu ixtilafın başlıca səbəbi bu yolla ödəmənin “əlbəəl” prinsipinə uyğun olub olmamasıdır.
Bir qrup müasir alimlər hər hansı növ bank kartı ilə qızıl alışının “əlbəəl” prisipinin yerinə yetirilməməsinə görə caiz (icazəli) olmadığı qənaətindədirlər. Bu qrupda olan alimlər hədislərdə əmr olunan “əlbəəl” məfhumunu fiziki olaraq bilavasitə hər iki tərəfin eyni anda qızılı verib pulunu almaq kimi başa düşürlər. Eyni zamanda söyləyirlər ki, kart daşıyıcısının ələlxüsus da “kredit” kart daşıyıcısının ödədiyi məbləğ bəzi hallarda müştərinin hesabında olmayan, bank tərəfindən ona verilən borc pulu ilə həyata keçirilir.
Bu mövzuda ikinci görüş isə bundan ibarətdir ki, bütün növ bank kartları, yəni həm “debit” əm də “kredit” kart ilə qızıl alışı caizdir. Bu görüşə görə belə alqı-satqılarda “əlbəəl” prinsipi “hökmən” (hüquqi) olaraq reallaşır. Yəni, müştəri POS terminala kartını yaxınlaşdırmaqla, ödənilməsi gərəkən məbləğ onun hesabından çıxıb satıcının hesabına yatmış olur. “Kredit” kart daşıyıcılarının ödəmələrində isə kartının kreditini təmin edən bank müştərinin vəkili və ya kəfili rolunu oynayır ki, belə olan təqdirdə də yenə məbləğ satıcının hesabına keçmiş olur. Beləliklə “əlbəəl” prinsipinin məqsədi olan məbləğin müştərinin mülkündən çıxıb satıcının mülkünə keçməsi prossesi həyata keçmiş olur.4
Üçüncü görüşə görə isə qızıl alışı yalnız nəğd pulla və ya “debit” kartla caizdir. Hər iki halda ödənilən məbləğ müştərinin mülkündə mövcud olan pul ilə həyata keçmiş olur. Eyni zamanda belə alqı-satqıda “əlbəəl” prinsipi “hökmən” reallaşmış sayılır və anındaca POS terminaldan bu əməliyyatı təsdiqləyən fatura çıxmış olur. Bu əməliyyatdan sonra heç bir halda bank ödəməni satıcının hesabına köçürməkdən hüquqi baxımından imtina edə bilməz. Bu üçüncü görüş, Azərbaycanın da üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı nəzdində fəaliyyət görsədən İslam Fiqhi Akademiyasının görüşü, o cümlədən beynəlxalq “İslam Maliyyə Hesabatları və Auditi Təşkilatı”-nın standartıdır.
Doğrusunu Allah bilir!
İstinadlar
Bu cavabı faydalı hesab edirsiniz?
Rəyiniz üçün təşəkkür edirik və xoş gün keçirin!
Kateqoriyanın digər sualları
-
Zəkatı borcdan silmək olarmı?
Salam aleykum. Məlum olduğu kimi zəkat verilən kateqoriyalardan biri də borcu olanlardır. Əgər bir a...
-
Lizinq yolu ilə maşın almaq
Salam aleykum. Sualım lizinqin halal və ya haram olması ilə bağlıdır. Mən taksi sürücü...
-
Borc verdim pulun dəyəri qalxdı indi borcumu necə qaytarmalıdır?
Salam aleykum. Qardaş, mənim borcla bağlı sualım var, xahiş edirəm bu məsələni hərtərəfli izah edin....
-
Əmək haqqının zəkatı varmı?
Normal maaş alan adam 2000-3000 arası zəkat verməlidirmi? ...