Allahdan utanıb, övrətimizi örtməliyikmi?

  • 25.02.2025 - Sual nömrəsi: 1099
  • 46
Geri

Sual

Salam Aleykum.
Beynimdə bir sual canlandı: Biz insanlar digər insanlardan həya edirik və övrət yerlərimizi onların görməsindən utanırıq. Amma Rəbbimizə qarşı belə deyilik. Bu normal bir şeydirmi? Yəni üzərimizdə paltar olmasa belə Rəbbimizə qarşı utanc hissi yaşamırıq (Onun bizi gördüyünü bilməyimizə rəğmən). Buna bir açıqlama gətirərdiz zəhmət olmasa.

 

Müxtəsər cavab

Bismilləh, Əlhəmdulilləh!

İnsanlar sizin dediyiniz kimi bir-birindən utanır, bir-birinə qarşı örtünür. Bunun da əsl səbəbi Rəbbimizin insanları yaradarkən onların içinə həya, utanma, qısqanclıq, namus kimi xislətlər yerləşdirməsindən qaynaqlanır. Allahu Təalə insanın həyatda bunlarla əlaqədar rast gələcək, yaşanacaq hallardakı tələbatarı təmin edə bilməsi üçün də hökmlər, əxlaq normaları endirmiş lazım olan şeyləri və onlardan istifadəni öyrətmişdir. 

Paltar, evi örtəcək pərdələr, qapılar, otaqlar, binalar, açıq ərazidə ağaclar, dərə təpə, çuxurlar; bütün bunlar və bunlardan sipər və ya pərdə kimi istifadə insandakı həya ilə bağlı hisslərin tələbatını ödəməkdədir.
Bir insanın onun məhrəminin (digrlərinə haram olan) ev, ona və ailəsinə aid olan şeylərin, özünün və yaxınlarının həya yerlərinin digərlərinin görməsindən narahat olması, bunu qəbul etməməsi, bunun qarşısını almaq üçün örtməsi, gizləməsi təbii bir haldır. Bunun əsl qaynağını yaradılış, fitrət təşkil edir, Yaradan tərəfdən endirilən qaydalar, əxlaqi normalar isə bu sahədəki fəaliyyətləri tənzimləyir, istiqamət verir. 

Sizin suala gəldikdə, bunu deyə bilərik.: İnsanların olmadığı tənha yerdə belə birinin paltarsız gəzməsi də hər hansı bir şəkildə insanı narahat edən haldır. Şəriətə gəldikdə, ümumiyyətlə paltar dəyişmə, tualet ehtiyacları, yuyunma çimmə, intim yaxınlıq, yatmaq kimi zəruri səbəblər olmadığı halda çılpaq, paltarsız gəzmək uyğun bir şey deyil. Dinimizin gətirdiyi əxlaqi normalar tənha olduqda belə bir zərurət olmadan çılpaq gəzməyi xoş qarşılamır. 

Baxmayaraq ki, Rəbimiz bizi hər zaman, hər yerdə hər halımızla görür, yenə də dinimizin gətirdiyi əxlaqi norma Allahdan utanmağı əmr edir. Rasulullahdan (ﷺ) övrət yerləri, onların örtünməsi barədə soruşurlar. Deyir ki:

“Görsənməməsi üçün əlinizdən gələni edin.” Dedilər ki: “Bəs əgər gizli tənha bir yerdədirsə?” Buyurdu Ki: “Allah, Ondan həya etmək üçün insanlardan daha çox haqq sahibidir.”

 

Ətraflı cavab

Bismilləh, Əlhəmdulilləh!

İnsandakı həya hissi fitridir. İnsanın vücudu necə ki, cürbəcür orqanlardan ibarətdir, iç dünyasında da sevgi, qorxu, həya, kədər, sevinc kimi bəzi hisslər, duyğular mövcuddur. Həya, utanma hissi də, yaradılış etibarı ilə Yaradan tərəfindən insanın içinə yerləşdirilmiş bir duyğudur. Bəzilərinin iddia etdiyi kimi sonradan təcrübə, kəşf ilə qazanılmış bir duyğu deyil, öyrətmə yolu ilə ötürülmür. Təlim, tərbiyə isə potensial, istedad olan bu duyğunu təlqin etməz,  nizam, istiqamət verər. Çox kiçik yaşlı uşaqlarda utanmasının üzə çıxması bunun sübutudur. 

İnsan ilk dəfə həya (övrət) yerinin açılıb, üzə çıxması ilə rastlaşarkən onun ilk reaksiyası öz üstünü örtmək oldu. Bəşəriyyətin atası və anası Hz. Adəm ilə Hz. Həvva Cənnətdə qadağan olunmuş ağacın meyvələrini yeyəndən sonra, onların övrət yeri üzə çıxdı. Bunu görən kimi onların edəcəyi ilk şey dərhal Cənnətdəki ağacların budaq və yarpaqlarını qopararaq həya yerlərinin üstünü örtmək, gizlətmək, pərdələmək oldu (İlk yaradılışda insanın həya yeri üzdə deyildi. Ya üstü dəri ilə örtülü idi, ya da gözə görünmürdü). 

“Şeytan (Adəmin və Həvvanın) örtülü, ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi... 

...Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı. (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda, ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar...” 1 

Rəbbimiz insanlarda həya, utanma, qısqanclıq, namus kimi xislətlər yaratmış, həyatda bunlarla əlaqədar rast gələcək, yaşanacaq hallardakı tələbatarı təmin edə bilmək üçün də hökmlər, əxlaq normaları endirmiş, lazım olan şeyləri və onlardan istifadəni öyrətmişdir. 

Paltar, evi örtəcək pərdələr, qapılar, otaqlar, binalar, açıq ərazidə ağaclar, dərə təpə, çuxurlar; bütün bunlar və bunlardan sipər və ya pərdə kimi istifadə insandakı həya ilə bağlı hisslərin tələbatını ödəməkdədir. Bunların içində paltar daima sahibini müşayiət etdiyi üçün xüsusi yer tutur. Həya yerlərinin örtülməsi və açılması onun vasitəsi ilə həyata keçirilir.  

Digər insanların görməsindən narahat olan, bunu qəbul etməyən paltar sahibi bunun qarşısını almaq üçün özünün və yaxınlarının, hətta yaşadığı məkanın, bəzi əşyalarının üstünü örtməsi təbiidir. Bu Allahın yaratdığı şeylər və insana təlqin etdiyi ağıl ilə onları paltar örtü halına gətirdiyi şeylərlə edilir.

Digər örtü vasitəsi Rəbbimizin Uca isminin anılmasıdır. Tualet ehtiyacları təmin edilərkən bəzi yerlərin açılması qaçınılmaz olur. Oradakı şeytanlar insanların açılmış övrət yerlərini görməsinlər deyə ayaq yoluna daxil olmadan “Bismilləh” demək və arxasınca da Allaha sığınmaq gərəkir. Belə olduqda İnsan oğlu onlardan pərdələnmiş olur. Bu barədə Rasulullahdan (ﷺ) belə buyurmuşdur: “Cinlərin gözləri ilə Adəm övladının övrət yeri arasındakı örtü, ayaq yoluna girdikdə “Bismilləh” deməkdir.” 2

Bura qədər qeyd edilənlər Uca Yaradanımızın bizi yaradarkən içimizə yerləşdirdiyi həya hissi, qısqanclıq, namus kimi fitri duyğuların var olmasını göstərir. İnsanın və yaxınlarının həya yerlərini digər insanların görməsindən utanması, qısqanması bunu qəbul etməməsi və bunun qarşısını almaq üçün istifadə etdyi paltar və digər örtü vasitələri də əsl qaynaqdan doğan təbii fəaliyyətlərdir.

İnsanların olmadığı tənha yerdə belə birinin paltarsız gəzməsi də hər hansı bir şəkildə insanı narahat edən haldır. Şəriətə gəldikdə, ümumiyyətlə bir paltar dəyişmə, tualet ehtiyacları, yuyunma, çimmə, intim yaxınlıq, yatmaq kimi zəruri səbəblər olmadığı halda çılpaq, paltarsız gəzmək uyğun bir şey deyil. Dinimizin gətirdiyi əxlaqi normalar tənha olduqda belə bir zərurət olmadan çılpaq gəzməyi xoş qarşılamır. 

Rasulullahdan (ﷺ) övrət yerləri, onların örtünməsi barədə soruşurlar. Deyir ki: “Görsənməməsi üçün əlinizdən gələni edin.” Dedilər ki: “Bəs əgər gizli tənha bir yerdədirsə?” Buyurdu Ki: “Allah, Ondan həya etmək üçün insanlardan daha çox haqq sahibidr”  3 

Allahdan utanacaq əsas şey günahlar və sair işlərdir. Bu barədə hədislər gəlib. Fəqət burada söhbət örtünməkdən gedir və sizin suala (Yəni üzərimizdə paltar olmasa belə Rəbbimizə qarşı utanma hissi yaşamırıq?) cavab vardır. 

Baxmayaraq ki, Rəbimiz bizi hər zaman, hər yerdə hər halımızla görür, yenə də dinimizin gətirdiyi əxlaqi norma Allahdan utanmağı əmr edir. 

Hər şeyin doğrusunu Allah bilir.

İstinadlar

 

Bu cavabı faydalı hesab edirsiniz?

Rəyiniz üçün təşəkkür edirik və xoş gün keçirin!