Yoldaşımın qohumlarına xidmət etməyə məcburam?

  • 03.02.2025 - Sual nömrəsi: 1020
  • 84
Geri

Sual

Salam aleykum. Sualım yoldaşımın valideynlərinə və qardaşı, bacısı uşaqlarına xidmət etməklə bağlıdır. Səkkiz ilə yaxındır evliyik. Yoldaşım evin kiçik oğlu olduğuna görə ana-atası və biz yaldaşımın ata evində yaşayırıq. Yoldaşımın evli olan böyük bacısı və qardaşı da var. Yayda onlar da bəzən uşaqlarını bizə göndərirlər, günlərlə bizdə qalırlar. Bilmək istəyirəm ki, yoldaşımın ata-anasına, yoldaşım tərəfdən gələn qonaqlarına mənim qulluq etməyim (uşaqların paltarlarını yumaq, özlərini yedizdirmək, çimizdirmək və s.) vacibdirmi? Əgər yoldaşım onlara baxmağımı, qulluq etməyimi tələb edirsə yoldaşımın bu istəyinə itaət etməliyəmmi? Onlara qulluq etməməyə haqqım çatırmı? Özümün üç azyaşlı övladım var. Səbrim, gücüm ancaq övladlarıma və yoldaşıma yetir, digərlərinə çatdıra bilmirəm

Müxtəsər cavab

İslam dini evli qadının ailə üzvlərinə qarşı məsuliyyət və öhdəliklərini təyin edərkən bir sıra ölçüləri nəzərə almışdır. Ərin valideynlərinə və yaxın qohumlarına qayğı görsətmək, onlara xidmət etmək xanıma fərz olmasa da, cəmiyyətimizdə yayğın olan adət ənənəyə görə və dinimizin ümumi prinsiplərinə görə bu əməl müstəhəbdir. Qadının zərərə uğramaması şərti ilə ailə üzvlərinə və onların yaxınlarına qulluq görsətməsi Allah dərgahında çoxlu səvab qazandıram əməllərdəndir, dinimiz də bu əmələ təşviq etməkdədir.

Həyat yoldaşının yaxın əzizlərini qonaq qəbul etmək və onlarla səxavətli davranmaq Rəsulullahın (s.a.s). hədisləri ilə təqdir edilməkdədir. Lakin İslam dini qonaqlıqla bağlı da bir sıra əhkamlar və ədəblər təyin etmişdir. Burada qonağın ev sahibinə çətinlik yaratmaması, onu hövsələdən çıxartması əsas meyar götürülə bilər.

 

Ətraflı cavab

Bismilləh... Allaha həmd və Peyğəmbərinə salat və salam olsun!

Dinimiz insanların bir arada xoş keçinmələri üçün müəyyən qayda və haqlar təyin etmişdir. Bu haqlar tərəflərin ədalətli şəkildə bir-birilərinə zülm etmədən yaşamalarını təmin etmiş olsa da, Allah Təalə mübahisəli məsələlərdə müsəlmanları, ələlxüsus da ailə üzvlərini haqq arayışından daha çox bir-birilərinə yaxşılıq etmələrini təşviq etməkdədir. 

Evin xanımı həyat yoldaşı ilə yaxşı rəftar etməli, günah olmayan şeylərdə ərinə itaət etməlidir. Buradakı itaəti bəzi alimlər evlilik əqdinin məqsədləri və bu məqsədlərə xidmət edən digər məsələlər ilə məhdudlaşdırmışlar. Həmçinin ərin tələbi mübah olmuş olsa da, qadına zərər vuracaqsa bu tələbi qarşılamğı vacib deyildir.1 Belə ki,  İslamda “zərər vermək və zərərə zərər ilə qarşılıq vermək yoxdur” prinsipi İslam Hüququnun təməl qaydalarındandır. Başqa sözlə nigah əqdindən irəli gələn, ər-arvadın bir-birilərində bioloji və mənəvi olaraq rahatlıq tapmaları, yardımlaşmaları, dinlərini və iffətlərini qorumaları, uşaq dünyaya gətimələri və saleh nəsil yetişdirmələri kimi məqsədlər və bu məqsədlərə xidmət edən vasitələrdə evin xanımı ərinə itaət etməlidir. Lakin ərin yaxın qohumlarına xidmət etmək bir qadın üçün fərz (vacib) deyildir. 

Yuxarıda qeyd etdiklərimiz mücərrəd haqların çərçivəsidir. Yəni tərəflərin hər hansı birinin əleyhinə və leyhinə olan hüququn sərhədləridir. Lakin dinimiz istər qadın, istər kişi olsun, hər iki tərəfin bir-birinə qarşı münasibətlərini “məruf” (yaxşılıq, gözəl davranış) anlayışı üzərinə tənzimləmələrini buyurduğunu bir daha qeyd edirik. 

Heç şübhəsiz ki, tərəflərin bir-birilərinin valideynlərinə, bacı-qardaşlarına da xoş münasibət bəsləməsi, xidmət etməsi müstəhəb (bəyənilən) əməllərdən olub, insana axirət səvabı qazandırır. Rəsulullah (s.a.s.) “İnsanlara əziyyət verdiyi üçün yoldakı ağacı (yola sallanan) kəsən bir kişinin cənnətdə gəzib-dolaşan gördüm” (Müslim) buyurmaqdadır. Əgər Allahu Təalə insanlara əziyyət verdiyi üçün ağac budağını kəsdiyinə görə bir mömini cənnətə salırsa, şübhə yoxdur ki, mərhəmətli olan Allah yaşlı qaynanaya və qaynataya baxmağa görə də böyük savablar verəcəkdir. Belə hallarda ər də gərək həyat yoldaşının onun valideynləri ilə xoş keçindiyinə görə xanımını təqdir etsin, anlayışla, səbrlə qaynanaya, qaynataya nəvaziş görsətdiyi üçün yeri gələndə onu bir şəkildə mükafatlandırmağa çalışsın.

Həmçinin onu da vurğulamaq lazımdır ki, ərin valideynlərinə xidmət etmə davranışı uzun illərdən bəri gələn örf və adətlərimizin gözəl nümunələrindəndir. İslam isə şəriətə zidd olmadığı müddətcə adətləri qəbul etməkdədir. Rəsulullah (s.a.s.) yenicə evlənmiş gənc səhabi Cabir bin Abdullahdan (r.a.) bakirə yoxsa dul qadınla evləndiyini soruşduqda o, dul qadınla evləndiyini söyləmişdir. Səbəbini isə belə izah etmişdir: “(Atam) Abdullah həlak oldu (döyüşdə şəhid düşdü) və geriyə qızları buraxdı. Mən də onlara özləri kimi qızcığaz gətirmək istəmədim. Elə biri ilə evləndim ki, onlara qəyyumluq etsin və qayğılarını çəksin.” Bu hikmətli cavab qarşılığında Peyğəmbər (s.a.s.) də “Allah sənin üçün bərəkətli qılsın” demişdir. (Buxari) Bu hədisdə Rəsulullah (s.a.s.) Cabirin (r.a.) özünə həyat yoldaşı seçərkən bacılarına xidmət etməsi niyyətini güdməsini qınamamış, əksinə ona xeyir dua vermişdir. Beləliklə, xanımın səhhətinə və sağlamlığına zərər vurmadıqca, övladlarına, ərinə və ev-eşiyinə qarşı öhdəliklərini axsatmadıqca ərin yaxın qohumlarına xidmət etmək müstəhəb əməllərdən sayılmaqdadır.

Burada həmçinin onu da qeyd etmək lazımdır ki, valideynlərə baxmaq, onların xidmətində durmaq sadəcə evin kiçik oğlunun vəzifəsi deyil. Örf və adətlərimizə görə böyük övladlar, istər oğlan övladı olsun, istərsə də qız, baş-göz olub, ailə qurub ayrıldıqdan sonra valideynlərin xidmətində durmaq vəzifəsindən azad olmuş olmazlar. Bu vəzifə valideynlər vəfat edənə kimi övladlar üzərində fərz hökmündə qalmağa davam edər. Hətta evin kiçik övladının maddi və fiziki imkanı yoxdursa digər imkanlı övladların boynunda ana-ataya baxmaq məsuliyyəti daha da zəruri olar.

Qonaq qəbuluna gəlincə, bu da həm dinimizdə, həm də adət ənənələrimizdə əsrlərlə yaşadılan gözəl əməllərdəndir. Peyğəmbərimiz (s.a.s.) Allaha və Axirət gününə iman edən şəxsə qonağı gözəl şəkildə qəbul edib, ona səxavətli davranmağı buyurmuşdur. Hənəfi, Maliki və Şafii məzhəblərinə görə qonağa üç gün boyunca baxmaq, ona evdə yer vermək, yemək-içməklə təmin etmək müstəhəbdir. Hənbəlilər isə bir gün boyunca qonaqlamağın vacib hökmündə olduğu qənaətindədirlər.

Ailəli cütlüklərin bir-birilərinin qohumlarını gülərüz qəbul etmələri, onalara həm sözdə həm davranışda gözəl əxlaq göstərmələri, səbir nümayiş etdirmələri dinimiz sarıdan bəyənilən və tövsiyə olunandır. Əgər bir evdə ağsaqqal və ağbirçək varsa, o evə oğul-qızların, nəvə-nəticələrin gəlib getməsi çox təbiidir. Baba və nənəni bu xoşbəxtlikdən məhrum etməmək, onların öz yaxın əzizlərini qonaq qəbul etmələrinə mane olmamaq məsləhətdir.

Təbii ki, qonaq gedilən evdə qonaq istədiyi kimi davranmamalıdır. Yəni, qonaqlığın ədəbləri vardır və bunlardan biri də ev sahiblərini günaha batacaq səviyyəyə gətirib çıxartmamaq, onların üsyan etmələrinə rəvac verməməkdir. Peyğəmbərimiz (s.a.s.) “Müsəlman kişiyə qardaşının yanında onu günaha salacaq dərəcəyə qədər qalması halal deyildir” (Muslim) buyuraraq, qonaqlıqda üç gündən artıq qalaraq və ya qonağın arzu olunmayan  davranışlar nümayiş etdirərək ev sahibinə əziyyət etməsi, zərər vurması, nəticədə ev sahibini qəlb ilə və ya dil ilə günaha sürüklənməsinə şərait yaratmağı qınamşdır. Ev sahibi öz istəyi ilə qonağın üç gündən artıq qalmasını istəyərsə və qonaq bu istəyin səmimiliyini bilərsə daha artıq müddət qonaq qalmasında bir qəbahət yoxdur. 

Sonda sual verən bacımıza zərər çəkmədiyi müddətdə ərin valideynlərinə qayğı görsətməyini tövsiyə edirik. Qeyd etdiyimiz kimi, bu savab əməllərdəndir və gələcəkdə özü də yaşlanıb kiminsə qayğısına, xidmətinə möhtac olduğu zaman, ümid edirik ki Allah Təala da ona özü kimi qayğıkeş insanları müsəxxər edər. 

Doğrusunu Allah bilir!

 

 

İstinadlar

Bu cavabı faydalı hesab edirsiniz?

Rəyiniz üçün təşəkkür edirik və xoş gün keçirin!

Kateqoriyanın digər sualları