Dini nikah mütləqdirmi?

  • 19.02.2025 - Sual nömrəsi: 1078
  • 65
Geri

Sual

Salam dini nikah mütləqdir? Əyər dövlət nigahı varsa hamı ər arvad bilirsə yenədə günahdır?

Cavab

Bismilləh, Əlhəmdulilləh.

Dinimiz insan həyatının bütün sahələrinə toxunmuş, nizam gətirmişdir. Çünki Yaradan, həyatı bəxş edən, insanların Rəbbi tərəfindən endirilmişdir. Uca Rəbbimiz insanlara təlimatları göndərərkən bunu müəyyən bir üslubda etmişdir. 

İnsanlar arasından birini Elçi (Peyğəmbər) seçib dinini vəhy etmə yolu ilə ona göndərmişdir. Sonuncu dəfə ilahi vəhyin enməsi üçün seçilən Elçi Hz. Muhanmmədin (ﷺ) qəlbi olmuşdur. Hz. Muhamməd də (ﷺ) öz növbəsində bir ailəyə, millətə, topluma mənsub olub Yer üzünün bir diyarında (Ərəbistan, Məkkə) məskunlaşmışdı. Quran enərkən hz. Muhammədə (ﷺ) peyğəmbərlik verilərkən Məkkə, Ərəbistandakə toplum müəyyən qaydalar, qanunlar, adət-ənənələr üzrə idi. 

Nəticədə Rəbbimizin göndərdiyi son din və onun gətirdiyi təlimatlar, qaydalar, nizam Ərəb toplumunun yaşadığı qaydaların, adət-ənənənin üzərinə endi. Yəni Quran boş kağız üzərinə deyil, kök salmış, oturuşmuş bir həyat tərzi üzərinə endi. İlahi din gəldikdə, şirk, əxlaqsızlıq və sair fəsadları haram etdi, toplumda hakim olan qaydaların bir qismini olduğu kimi buraxdı, digərlərinə də düzəlişlər gətirməklə dəyişib saxladı, toplumda olmayan bir qisim yeni şeylər də gətirdi. 

Onu da qeyd etmək yerinə düşər ki, o vaxtkı Ərəbistanda yaşayan toplum zamanla bəzi dəyişikliklər, pozuntular, əlavələr olsa da əsas etibarı ilə İbrahim peyğəmbərdən (a.s.) qalan dinin, müqəddəs əmanətlərin varisləri idi. 

Sizin toxunduğunuz ailə qurma qaydaları, kəbin də o dövr ərəblərin həyatında, adət-ənənəsində yer almaqda idi. İnsanlar nikah bağlayır, ailə qururdu, yaşayırdı sonra bu  qaydaları gələcək nəsillərə miras buraxırdı. 

Quran enmədən, Peyğəmbərlik verilmədən öncə Rasulullah (ﷺ) möminlərin anası hz. Xədicə (r.a.) ilə ailə qurmuşdu. Bu gün müsəlmanların əlindəki Quran və Sünnə əsasında tərtib edilmiş şəriət, nikahın fiqhi qaydası o vaxtki toplumda yox idi. Belə olduqda “Rasulullah (ﷺ) anamız Hz. Xədicə (r.a.) ilə hansı şəriətə görə ailə qurmuşdu?” kimi sual doğa bilər. Cavab budur ki, Qureyşin, ərəblərin örf və adətinə görə. 

Qureyşin böyükləri, Rasulullahın (ﷺ) qohumları Hz. Xədicənin (r.a.) evində yığışırlar. Əmisi Əbu Talib söz alıb çıxış edir, orda toplaşan camaatın hüzurunda qardaşı oğlu üçün Hz. Xədicəni (r.a.) istəyir. Hz. Xədicənin (r.a.) əmisi Amr bin Xuveylid də onu Hz. Muhammədlə (ﷺ) evləndirdyini bəyan edir.

İslamdan öncə bir çox səhabələr də eyni qayda ilə ailə qurmuşdular. Peğəmbərlikdən sonra şəriətin kəbinə dair qanunları formalaşdıqda belə Rasulullah (ﷺ) onların İslamdan öncəki evliliklərinin keçərsiz olduğunu söyləmədi.

Sizin sualınız (Dini nikah mütləqdir? Əgər dövlət nikahı varsa, hamı onları ər-arvad bilirsə, yenə də günahdır?) barədə isə bunları deyə bilərik:

Yuxarıda qeyd etdiyimiz kimi, bu gün əlimizdə tamamlanmış İslam dini var. Evliliyin, nikahın bütün qaydaları tərtib edilmiş vəziyyətdədir. Bu gün hər bir müsəlmana ailə qurmaq üçün bu qaydalara uyğun nikah bağlamaq vacibdir.

Nikahın mahiyyətini təşkil edən təməl qaydalar bunlardır (Biz burada təfsilata getmədən əsas etibarı ilə bunları qeyd edəcəyik):

-Nikahda iki tərəfin iştirakı (və ya onları təmsil edən vəkillərin iştirakı)    

-İki müsəlman kişinin şahidlər qismində hazır olması

-Qadın və kişinin razılığıni əks etdirən “icab” və “qabul” (yəni tərəflərdən birinin “nikahla(n)dım” deməsi və digərinin “nikahıma aldım” cavabını verməsi)

-Qadının himayədarının qəyyumunun (ata, baba və s.) razılığı

Rasulullah (ﷺ) belə buyurub: “Vəli və iki şahid olmadan nikah olmaz” 1 Bu şərtlər yerinə yetirilərsə, nikah bağlanmış sayılır, evlilik gerçəkləşir. Yuxarıda qeyd edilən qaydalara toxunmamaq şərti ilə, bu məclisin şəkli fərqli ola bilər (hansısa bir xalqın adətinə uyğun, dövlətin kəbin müəssisəsi və s...)

Sizin dediyiniz dövlət nikahında bu şərtlər gerçəkləşərsə, nikah bağlanmış sayılır. Yox əgər olmazsa, “dini nikah” adı ilə məşhur olan dini şəriəti bilən biri tərəfindən bağlanması vacib olur.

Doğrusunu Allah bilir!

 

İstinadlar

Bu cavabı faydalı hesab edirsiniz?

Rəyiniz üçün təşəkkür edirik və xoş gün keçirin!

Kateqoriyanın digər sualları