Sual
Salam aleykum. Şaban ayında oruc tutmaq sünnətdir. Bunu bilirəm. Doğru şəkildə oruc necə tutulur? Bəziləri deyir ayın yarısından sonra tutmaq olmaz. Bəziləri deyir Ramazana birləşdirmək olmaz.
Müxtəsər cavab
Şaban ayında oruc tutmaq barədə xeyli hədis varid olmuşdur. Ümümi olaraq bunu deyə bilərik ki, Şaban ayında çoxlu oruc tutmaq Rasulullahın (ﷺ) özünün tətbiq etdiyi və fəziləti haqda xəbər verərək buna təşviq etdiyi məlum olmuşdur. Hətta bəzi hədislər Rasulullahın (ﷺ) Şaban ayının tamamını oruclu keçirdiyini bildirir. Ramazana bir yaxud iki gün qalmış oruca başlamağa dair nəhy (qadağa) gəlmişdir. Hətta bəzi hədislər bunu Şabanın ikinci yarısından etibarən başlamağı yasaqlamışdır.
Ancaq əvvəldən oruc tutanlar bundan istisna edilmişdir. Məsələn, birinci və dördüncü günlər, yaxud hz. Davudun orucu kimi bilinən bir gündən bir oruc tutanlar, həmçinin qəza yaxud nəzir oruclarını əda edənlər kimi. Bunların orucunun Şabanın sonu, Ramazandan bir-iki gün öncəki günlərə təsadüf edərsə, oruclarını tutmaqda bir qəbahət yoxdur. Hər kəs öz halını daha yaxşı bilir. Əgər kiminsə öz halına, vəziyyətinə görə xüsusi bir oruc tutma adəti yoxdursa, ən gözəli il ərzində təşviq edilmiş həftənin bazar ertəsi və cümə axşamı günləri və ayın ortasından (13, 14, 15) üç gün tutmaqdır. Günaşırı hz. Davud orucu kimi sünnə ilə sabit olan oruc da ola bilir. Həmçinin qəza və sair oruclar da.
Ətraflı cavab
Bismilləh... Allaha həmd olsun!
Məlum olduğu kimi, dinimizdə müxtəlif cür oruclar var. Bunların tutulması üçün Şəriətin təyin etdiyi günlərə baxanda, əksər orucların arasında ortaq xüsusiyyət müşahidə edilməkdədir. Bu da həmin günlərin xüsusi fəzilətə sahib olmasıdır.
Məsələn, ramazan orucu, dünyanı lərzəyə gətirən, bəşər tarixinin məcrasını dəyişən Quranın endirilməsi, ayın bərəkət və feyzlə doldurulması
Həmçinin Arafa günü orucu, rəbbimizin insanları ən çox Cəhənnəmdən xilas etdiyi gün 1, səma əhli qarşısında Arafatdakılarla fəxr eləməsi. 2
Haram aylardan olan Muhərrəm ayı, Aşura günü. Rəbbimizin hz. Musa və qövmünü Fironun zülmündən xilas etməsi, bundan ötəri dənizi iki yerə yarması. 5
Həftənin bazar ertəsi və cümə axşamı günləri, əməllərin xüsusi olaraq Allaha yüksəlməsi. 6
Şaban ayına gəldikdə, bu aydakı fəzilət əməllərin xüsusi olaraq Allaha yüksəlməsidir. Rasulullah da (ﷺ) öz əməllərinin oruclu ikən yüksəlməsini təmənna etmişdir.
Usamə bin Zeydin (r.a.) rəvayət etdiyinə görə o demişdir ki: “Ya Rasulullah, səni başqa aylarda görmədiyim kimi Şabanda oruc tutduğunu görürəm.” Belə buyurdu: “Bu insanların Rəcəb və Ramazan arasında qəflətdə olduğu aydır.
Bu ay əməllərin Aləmlərin Rəbbinə yüksəldiyi aydır. Mən də əməllərimin oruclu ikən yüksəlməsini arzu edirəm” 7
Şaban ayının tamamını oruc tutmaq
Hər dörd məzhəb alimlərinə görə Şaban ayının orucunu tutmaq müstəhəbdir. 8 Lakin Şaban ayının hamısını oruc tutmaq barədə fərqli fikirlər vardır. Bu görüş fərqliliyinin səbəbi nəql olunan hədislərdən dolayıdır. Bəzi hədislərdə Rasulullahın (ﷺ) Şabanın tamamını, bəzilərində isə əksər hissəsini oruc tutduğu bildirilir.
Hz. Aişə deyir ki: “Rasulullah (ﷺ) elə oruc tutardı ki, deyərdik, “bir daha orucsuz günü olmaz”. Bəzən də elə tərk edərdi ki, deyərdik “bir daha oruc tutmaz”. Rasulullahın (ﷺ) Ramazan xaricində bütün ayı oruc tutduğunu görmədim. Şabanda tutduğu qədər hər hansı bir ayda da oruc tutduğunu görmədim.” 9
Hz.Aişə r.a. başqa hədisdə də belə söyləyir: “Rasulullah (ﷺ) heç bir ayda Şaban ayından daha çox oruc tutmazdı. Şaban ayının bütününü oruclu keçirirdi...” 10
Ümmü Sələmə deyir ki: “Mən Rasulullahın (ﷺ) Ramazan və Şaban xaricində iki ayı ard-arda oruc tutduğunu görmədim.” 11
Bu, ziddiyyət kimi görünən müşküllüyə bəzi izahlar verilmişdir:
İbni Həcərə görə Şabanın “tamamı” dedikdə “əksəriyyəti” qəsd edilir. Bir adamın ayın yarısından çoxunu oruclu keçirdikdə, onun ayın tamamını oruc tutduğunu söyləmək ərəb dili baxımından mümkündür. Necə ki, “filankəs bütün gecəni səhərə qədər namaz qıldı” deyilə bilər. Halbuki adam həmin gecə yemək yemiş, kiminləsə danışmış və sair işlərlə məşğul olmuşdur.
Alimlərdən Taybi bu fikirlə razılaşmayıb öz izahını vermişdir. Onun fikrinə görə Rasulullah (ﷺ) Şaban ayını bəzən tam olaraq oruclu keçirərdi, bəzən də insanların Şabanın da Ramazan kimi fərz olduğu zənninə düşməməsi üçün əksər hissəsini oruc tutardı.
Bəzi alimlər isə hz. Aişənin ikinci sözünün birincidən sonra söylədiyini irəli sürmüşlər. Yəni ilk dövrlərdə Rasulullah (ﷺ) Şabanın əksəriyyətini oruclu keçirdiyi halda, sonralar tamamını oruc tutmaqla davam etmişdir. Yaxud da əksinə. Şaban ayında çox oruc tutmağın hikmətinə gəldikdə, İbni Həcər Buxarinin əs-Sahih əsəri şərhində bunları söyləmişdir: Hər ayda üç gün oruc tutmaq Rasulullahın (ﷺ) adəti idi. Bəzən səfər və sair səbəblərdən bu orucu tuta bilmirdi. Tuta bilmədiyi bu orucların hamısını Şaban ayında əda edərdi.
Rasulullah (ﷺ) nafilə orucları tutmağı sevərdi. Ramazan ayı, fərz orucla dolmuş olduğu üçün, bu ayda nafiləyə yer qalmırdı. Bu səbəbdən də Rasulullah (ﷺ) Şaban ayında iki aylıq nafilə orucu tutardı.
İbni Həcər bu barədə ən üstün görüşün isə Şabanın əməllərin Allaha yüksəldiyi ay olduğu üçün bu ayın fəzilətli olmasını qeyd edir. Sonra da bizim də yuxarıda qeyd etdiyimiz Usamə bin Zeyd hədisini dəlil gətirir. 12
Şabanın Ramazana bitişik son günlərində və yaxud yarısından sonra oruc tutmaq məsələsinə toxunan hədislər varid olmuşdur.
“Sizdən hər hansı biriniz Ramazandan bir və iki gün öncə oruc tutmasın. Ancaq (əvvəldən) oruc tutmaqda olan kəs orucunu tutsun.” 13
Bu hədis Ramazan ayına bir, iki gün qalmış oruca başlamanı qadağan edir. Burada söhbət “birdən ramazan olar” deyə ehtiyat düşüncəsi ilə hər ehtimala qarşı tutulan orucdan söhbət gedir.
İmam Tirmizi bu hədisi rəvayət etdikdən sonra, elm əhlinin Ramazan ayı girmədən oruca başlamağı məkruh qəbul etdiyini qeyd edir.
İbn Həcər deyir ki, Ramazan orucunun başlamasına dair hilalın görülmə hökmü əsas gətirilmişdir. Ramazana bir vəya iki gün öncə başlamaq bu hökmə qarşı etinasızlıq göstərmək, əhəmiyyət verməmək anlamına gəlir.
Bəziləri hətta Ramazana bir-iki gün qalmış deyil, Şabanın ikinci yarısından etibarən səbəbsiz yerə (qəza və s.) oruca başlamağı məkruh və ya haram görmüşlər. 14 Bu fikirlərini də bu barədə Rasulullahdan (ﷺ) gələn qadağa ilə əsaslandırmışlar - “Şabanın ortasından sonra oruc tutmayın” 15
Hədislərdə qeyd edilən oruc tutmağa qadağadan istisna olanlar, Şabanın sonunda yox, bundan əvvəl oruca başlayıb, tutanlardır. Məsələn, birinci və dördüncü günlər, yaxud hz. Davudun orucu kimi bilinən günaşırı (bir gündən bir) oruc tutanlar, həmçinin qəza yaxud nəzir oruclarını əda edənlər kimi. Bunların orucu Şabanın sonu, Ramazandan bir- iki gün öncəki günlərə təsadüf edərsə, oruclarını tutmaqda bunlar üçün bir qəbahət yoxdur.
Bir də “Nisfuş-Şaban” kimi məşhur olan, Şabanın ortasında (15-ci günündə) tutulan oruc var ki, bu barədə gələn hədislər hədisçilər tərəfindən ciddi şəkildə tənqid edilmişdir. Hədislərin isnadı haqda zəif hökmü verdikləri üçün bu hədislərlə əməl edilməyəcəyini söyləmişlər.
Doğrusunu Allah bilir.
İstinadlar
Bu cavabı faydalı hesab edirsiniz?
Rəyiniz üçün təşəkkür edirik və xoş gün keçirin!
Kateqoriyanın digər sualları
-
Namazda imamın səhvinə uymaq vacibdirmi?
Əgər imam səhvən beşinci rükətə qalxarsa ona uymaq vacibdirmi? ...
-
İmamın səhvən qıldığı rükət mənim üçün keçərlidirmi?
Əgər imam səhvən beşinci rükətə qalxarsa və namaza sonradan qoşulan onunla bərabər namaz qılmış...
-
Sübh namazının qəzasını oyanan kimi qılmaq lazımdır?
Sübh namazının qəzasını oyanan kimi qılmaq lazımdır? ...
-
Qadının namazı uca səslə qılması icazəlidirmi?
Qadının namazı uca səslə qılması icazəlidirmi? ...
-
Universitetdə namazı birləşdirə bilərəmmi?
Mən 2 ci növbə universitetdə oxuduğum üçün, Əsr və Məğrib namazlarımı qıla bil...
-
Niyə qadınlar namazda örtünür?
Mənə maraqlıdır ki niyə namaz qılanda qadınlar örtünməlidir? Onsuz da namazda Allahın h&uu...
-
Oruclu olduqda ağızda qalan dəstəmaz suyu
Ramazanda oruclu iken destemaz zamani agiza su almasaq olar? Cunki alanda zerre qeder de olsa medeye...
-
Salatun sözünün düzgün tələffüzü
Salam. Qəza namazlarının, hədiyyə namazlarının əvvəlində 3 dəfə əssələt deyirik. Bu sözün ...
-
Sübh namazını qılarkən, gün çıxması
Salam aleykum. Əgər bir kəs sübh namazını vaxtı çıxana yaxın başlayarsa və namaz qılınar...
-
Namazda, səcdədə Azərbaycan dilində dua etmək
Namazda, səcdədə Azərbaycan dilində dua edə bilərəmmi? ...