Namazda, səcdədə Azərbaycan dilində dua etmək

  • 17.02.2025 - Sual nömrəsi: 1072
  • 216
Geri

Sual

Namazda, səcdədə Azərbaycan dilində dua edə bilərəmmi?

Müxtəsər cavab

Namazda əsas qayda onun hər bir sözünün ərəb dilində olmasıdır.

1-Hənəfi məzhəbinə görə namazda, səcdədə dua edən şəxs yalnız Peyğəmbərdən (s.a.s.) gələn səhih hədislərə görə dua etməsi sünnətdir. Çünki sünnətdə (hədislərdə) gələn duaları oxumaq daha fəzilətlidir. Beləliklə edilən dualar dünyalıq bir şey üçün olarsa hətta ərəb dilində olsa belə caiz (icazəli) deyildir. Sünnətdə gələn duaları və ya axirət üçün edilən duaları qeyri ərəb dilində  etmək isə ilk əsr Hənəfi məzhəbi alimlərinə görə “tənzihən məkruhdur” yəni, onu etmək günah sayılmır, amma etməkdən çəkinmək məsləhətlidir. 

Lakin Hənəfi məzhəbinin son dövr alimlərindən İbn Abidin namaz içərisində ərəb dilindən başqa bir dildə dua etməyin “təhrimən məkruh”, yəni harama yaxın olan məkruh olduğuna meyl etmişdir və bu görüş Hənəfi məzhəbinin əsas mötəbər görüşü sayılmaqdadır. Ərəb dilini bilməyən və tələffüz etməyi bacarmayanlar qeyd etdiyimiz kimi namazda məşru olan, yəni şəriətə uyğun olub,  icazə verilən duaları öz dilində edə bilərlər.

2-Maliki məzhəbinin mötəbər görüşü ərəb dilini tələffüz etməyə qadir olan biri üçün əcəmi (qeyri-ərəb) dildə dua etməsi “məkruhdur” (bəyənilmir). Lakin bunu bacarmayan biri üçün isə icazəlidir. Bununla yanaşı duaların ərəb dilində olması daha fəzilətlidir və daha uyğundur.

3-Şafiilərdə isə edilən duanın məzmunu sünnətdə (hədislərdə) keçən dualar olarsa və dua edən şəxs ərəb dilindən aciz olarsa bu zaman o, duanın tərcüməsini oxuya bilər. 
Əgər sünnətdə keçən dua olmazsa, yəni özündən dua fikirləşib söyləyərsə bu caiz (icazəli) deyildir. Bir sözlə, qeyri-ərəb dilində özündən dua fikirləşib namazda söyləmək namazı batil edər. Duanın hədislərdə qeyd edilən şəkildə olması və dua edənin bunu ərəb dilində söyləyə bilməməsi, aciz olması şərti ilə, namazda qeyri ərəb dilində dua etmək caiz (icazəli) ola bilər.

4-Hənbəli məzhəbinə görə ərəb dilini bilən şəxs ərəb dilində dua etməlidir. Ərəb dilində tələffüz edə bilməyən birisi isə axirətə aid olan duaları öz dilində edə bilər, lakin axirətə aid olmayan duaları isə öz dilində etməsi caiz deyildir. Çünki bu cür duaları hətta ərəb dilində etsə belə namazı batil olar.

Ətraflı cavab

Namaz İslamın beş əsas şərtlərindəndir. Bəndə bu ibadəti yerinə yetirməklə həm Allahın əmrinə tabelə olub böyük savab qazanır, həm də mənəvi olaraq müxtəlif naqisliklərdən arınır. Qıldığımız namaz müəyyən hərəkətlər, zikr və dualar, həmçinin Quran surələrindən, ayətlərindən ibarət olub, təyin edilmiş vaxtda müəyyən bir nizam içərisində icra edilir.

Namazda istər səcdədə olsun, istər dua məqamı olan yerlərdə olsun əsas qayda onun ərəb dilində oxunmasıdır. Ərəb dilindən başqa bir dildə dua etməklə əhli-sünnət alimləri arasında görüşlər məzhəblərə görə aşağıdakı kimidir:

Hənəfi məzhəbinin mötəbər görüşünə görə namazda, xüsusən səcdədə ərəb dilindən başqa bir dildə dua etməklə “təhrimən məkruhdur”, yəni harama yaxın olan məkruhluq.

Ümumiyyətlə təfsilatlı izah vermək üçün deyə bilərik ki, namaz içərisində səcdədə edilən duaların hökmünə təsir edəcək amillər belədir:

1- Edilən duanın məzmunu: Yəni, duanın ibadətlə əlaqəli olub-olmaması və ya  dünyalıq bir şey üçün olub olmaması

2- Qurani-Kərimdən ayə şəklində edilən dua: Yəni namaz qılanın duasının ayələrdəki dua formasında olması kimi. Məsələn, “Rabbənə əətinə fid-dunya həsənətən...” 1

3- Edilən duanın qeyri-ərəb dilində olması

4- Dua edənin ərəb dilində tələffüz etməkdə aciz olub-olmaması 

Hənəfi fəqihlərinə görə namaz qılan şəxs namazda istədiyi duanı edə bilməz. İmam Əs-Səraxsi belə deyir: Bizə görə məzhəbin yekun görüşü belədir ki, əgər namazda Qurandan olan və ya Quranda olana bənzəyən ilə dua edərsə namazı  batil olmaz, lakin “Allahım geyinməyə bir köynək ver!” və ya “Allahım, məni filan qız ilə evləndir!” şəklində edilən dualarda olduğu kimi insanların danışığına bənzəyən bir kəlamla dua edərsə namazı batil olar. 2 Buradan aydın olur ki, edilən duanın dünaylıq bir şey üçün olması icazəli deyildir. Bu şəkildə dua etmək istər ərəb dilində olsun, istərsə də öz dilində olsun icazəli deyildir. Bunun dəlillərindən biri də Müslimin rəvayət etdiyi Peyğəmbərimizin (s.a.s.) hədisidir: 

 "إنَّ هذه الصلاةَ ، لا يَصلُحُ فيها شيءٌ من كلامِ النَّاسِ ، إنما هو التَّسبيحُ ، و التَّكبيرُ ، و قراءةُ القرآنِ"

“Bu namazda insanların sözlərindən bir şey söyləmək doğru olmaz. Namaz ancaq təsbih , təkbir və Quran oxumaqdan ibarətdir.” 3

Beləliklə alimlər  hədisdə keçən “insanların sözündən bir şey söyləmək” ifadəsini açıqlayaraq misal verib demişlər ki, Allahdan başqasından istənilməsi imkansız olmayan şeylərdir. Yəni, həyatda yaşayan hər hansı bir insanın təmin edə biləcəyi bir istəkdir və ya yardım tələbi. Məsələn, “məni bir qadınla evləndir” və ya “mənə filan şeyi ver” şəklindəki istəklər buna nümunədir.

Nəticə etibarı ilə Hənəfi məzhəbinə görə namazda, səcdədə dua edən şəxsin yalnız Peyğəmbərdən (s.a.s.) gələn səhih hədislərə görə dua etməsi sünnətdir. Çünki sünnətdə gələn duaları oxumaq daha fəzilətlidir. Beləliklə edilən dualar dünyalıq bir şey üçün olarsa, hətta ərəb dilində olsa belə caiz deyildir. Sünnətdə gələn duaları və ya axirət üçün edilən duaları qeyri-ərəb dilində  etmək isə “tənzihən məkruhdur”. 4 Lakin Hənəfi məzhəbinin son dövr alimlərindən

İbn Abidin isə namaz içərisində ərəb dilindən başqa bir dildə dua etməyin “təhrimən məkruh” 5 olduğuna meyl etmişdir və bu görüş Hənəfi məzhəbinin əsas mötəbər görüşü sayılmışdır.

İbn Abidin belə deyir: “Fars dilində dua etməyin namaz içərisində “təhrimən məkruh” olması, namazın xaricində isə tənzihən məkruh olması uzaq ehtimal deyildir (mümkün ehtimaldır)". 6

Ərəb dilini tələffüz etməyi bacarmayanlar namazda daha öncə qeyd etdiyimiz kimi, məşru olan duaları (şəriətə uyğun və  icazə verilən) öz dilində edə bilər. 

Maliki məzhəbinin mötəbər görüşünə görə ərəb dilində tələffüz edə bilən şəxs üçün qeydi ərəb dildə dua etməsi məkruhdur, ərəb dilində tələffüz edə bilməyən şəxs üçün isə icazəlidir. Namazda duanın qeyri-ərəb dilində icazəli olmasına dəlil olaraq İmam Müslimin rəvayət etdiyi  aşağıdakı hədisi dəlil vermək olar:

"َأقْرَبُ ما يَكونُ العَبْدُ مِن رَبِّهِ وهو ساجِدٌ، فأكْثِرُوا الدُّعاءَ"

 "Qulun Rəbbinə ən yaxın olduğu hal səcdə halıdır. Buna görə də səcdədə çoxlu dua edin." 7

Yuxarıdakı hədisdə duanın dili qeyd olunmamışdır  və İslam Hüququnda "Çətinlik asanlığı gətirər" fiqhi qaydasına əsaslanaraq kim ərəb dilində tələffüz etməkdə aciz olarsa ona öz dilində dua etməsi caizdir.

İmam Malikdən belə nəql olunur: ”Malik dedi ki, bir kimsənin namazında əcəmi dildə dua etməsini məkruh görürəm”. 8 Həmçinin Maliki fəqihlərindən Diyaud-Din Xalil bin İshaq Əl-Cundi “Muxtəsər Xəlil” kitabında bu məsələnin, yəni ərəb dilində tələffüz etməyə qadir olan birinin əcəmi dildə dua etməsinin məkruhlardan olduğunu qeyd edib.

Şafii məzhəbində isə edilən duanın məzmunu nəzərə alınır və dua edənin ərəb dilini tələffüz etməyə qadir olması ilə olmaması arasında fərq qoyulur. Belə ki, Şafii məzhəbinin fəqihi İmam Nəvəvi öz kitabında bu məsələyə toxunaraq təfsilatlı şəkildə açıqlama vermişdir. Yekun olaraq İmam Nəvəvi yazır ki, əgər edilən duanın məzmunu məsur olarsa, 9 həmçinin dua edən ərəb dilində tələffüz etməkdə aciz qalarsa bu zaman o duaların tərcüməsinin qeyri-ərəb dilində söylənməsi icazəlidir. Burada iki şərtə diqqət edilməlidir: 10

1- Edilən dua məsur (Peyğəmbər s.a.s. və səhabələrindən nəql olunan dualar) olmalı 

2- Dua edən şəxs ərəb dilində tələffüz etməkdə aciz olmalı .

Lakin əgər edilən dua məsur olmazsa, yəni özündən fikirləşib söyləyərsə bu zaman ərəb dilində tələffüz etməkdə aciz olsa belə öz dilində söyləməsi icazəli deyildir və namaz batil olar. Bir sözlə Şafii məzhəbində qeyri-ərəb dilində özündən dua fikirləşib namazda söyləmək namazı batil edər.

Hənbəli məzhəbində bu məsələnin bölgüsünü fərqli şəkildə edərək belə deyirlər:

1. Əgər namazda edilən duanın məzmunu axirət ilə əlaqəli olarsa – Allahdan bağışlanma istəmək, halal ruzi istəmək və ya günah əməllərdən qorunmağı istəmək kimi – belə duaların, Peyğəmbər s.a.s. və səhabələrindən nəql olunan dualar olması şərt deyil. Belə məzmunlu duaları nəqllərə istinad etmədən də namazda istəmək olar.

2. Əgər namazda edilən duanın məzmunu yuxarıdakı kimi, axirət ilə əlaqəli deyilsə və belə duaların məzmunu hədislərlə də nəql edilməyibsə, onda bu duaları namazda söyləmək icazəli deyil. Bu qəbildən olan duaları namazda söyləmək Hənbəli məzhəbinə görə namazı batil edər.

Bu haqda Hənbəli alimlərindən İbni Qudamə öz kitabında belə yazır: “Namazda dünya ləzzətləri (mənfəətləri) və şəhvətləri (istəkləri) ilə bağlı , insanların söhbətinə və arzularına bənzəyən dualar etmək caiz deyildir. Məsələn:

“Allahım  mənə gözəl bir xanım, geniş bir ev ,yaxşı bir yemək və  gözəl bağça nəsib elə!” kimi duaları 11 etmək olmaz.”

Nəticə etibarilə Hənbəli məzhəbində ərəb dilində tələffüz edə bilməyən şəxs, namazda səcdədə axirətə aid olan duaları öz dilində edə bilər. Lakin axirətə aid olmayan, Allah təaləyə yaxınlaşmaq niyyəti daşımayan,yalnız dünyəvi ləzzətlər və şəhvətlər üçün edilən duaları öz dilində etməsi icazəli deyildir. Bu duaları ərəb dilində söylənilsə belə namaz batil olar.

Doğrusunu Allah bilir!

 

İstinadlar

Bu cavabı faydalı hesab edirsiniz?

Rəyiniz üçün təşəkkür edirik və xoş gün keçirin!