Universitetdə namazı birləşdirə bilərəmmi?

  • 15.02.2025 - Sual nömrəsi: 1037
  • 102
Geri

Sual

Mən 2 ci növbə universitetdə oxuduğum üçün, Əsr və Məğrib namazlarımı qıla bilmirəm. Sualım odur ki, Zöhr və Əsri, Axşam və Məğrib namazını bir qıla bilərəm?

Müxtəsər cavab

Namazlarda olması gərəkən əsas qayda, hər bir namazın öz vaxtında qılınmasıdır və vaxtında qılınmayan namaz qəza namazı hesab olunar. Namazların vaxtı sabit və dəyişilməzdir. Qurani-Kərimdə Uca Allah belə buyurur: "Həqiqətən, namaz möminlərə müəyyən olunmuş vaxtlarda fərz edilmişdir." 1

Namaz dinin əsas sütünlarından olduğu üçün onu qorumaq üçün əlimizdən gələni etməli və səhlənkar yanaşmamalı, təhsil aldığımız müəssisədə lazım olan yerlərə müraciət edib icazə əldə etməliyik. İcazə verilməsə belə başqa mümkün alternativ yollara baş vurub namazları qəza halına salmamaq üçün tədbir görməliyik. 

Bəzi alimlər hər hansı müəyyən bir səbəb ilə namazları birləşdirməyə icazə versələr belə bunu "adət, vərdiş halına" salmamağı ələlxüsus qeyd etmişlər. Sizin sualdan isə aydın olur ki, bu çox tez-tez təkrarlanan haldır. Son olaraq onu da qeyd edək ki, Uca Allah Qurani-Kərimdə belə buyurur: "..Kim Allahdan qorxarsa, Allah ona bir çıxış yolu açar və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər.." 2

 

Ətraflı cavab

Namazlarda olması gərəkən, hər bir namazın öz vaxtında qılınmalı olmasıdır və vaxtında qılınmayan namaz qəza namazı hesab olunur. Namazların vaxtı sabit və dəyişilməzdir. Qurani-Kərimdə Uca Allah belə buyurur: "Həqiqətən, namaz möminlərə müəyyən olunmuş vaxtlarda fərz edilmişdir." 3

Namazların cəm edilməsi (birləşdirilməsi).

Səfərdə namazların cəm edilməsi bir rüxsətdir. 4 Hənəfi məzhəbi istisna olmaqla, Maliki, Şafii və Hənbəli məzhəbinə görə səfərdə olan kimsə namazları cəm edə bilər, yəni birləşdirilərək qıla bilər. Lakin məsələmiz səfərdə olmayan kimsənin bəzi səbəblərə görə namazlarının birləşdiriliməsinin icazəli olub - olmamasıdır. Ona görə məsələlər üzərində qalıb mətləbdən uzaqlaşmamaq üçün bunun üzərində çox durmayacayıq.

Müsafir olmayan kimsənin namazları cəm etməsi hökmü.

Əhli Sünnətin dörd məzhəbinin görüşünə görə müqim yəni, müsafir olmayan bir insanın  heç bir səbəb olmadan namazları cəm edib birləşdirməsi icazəli deyildir. Bu məsələdə bəzi alimlər fəqli fikirdə olsalar da əksər alimlərin, o cümlədən dörd məzhəbin görüşü səbəbsiz yerə cəm etməyin icazəli olmadığıdır. İmam Nəvəvi belə deyir: "Qorxu, səfər və ya xəstəlik olmadan səfərdə olmayan (öz məskənində yaşayan) kimsənin namazlarını birləşdirmək haqqında bizim məzhəbimiz (yəni Şafii məzhəbi), Əbu Hənifə, Malik, Əhməd və o cümlədən əksər alimlərin görüşü budur ki, bu icazəli deyil. İbn Münzir bəzi alimlərin bunun səbəbsiz (belə olsa) caiz olduğunu rəvayət etmişdir. İbn Siirin isə bunu (zəruri )ehtiyac halında və ya adət halına gətirməmək şərtilə caiz (icazəli) görmüşdür."  5

Beləliklə dörd məzhəbə görə şəriət tərəfindən diqqətə alınacaq heç bir səbəb olmadan namazları biləşdirmək icazəli deyil. Müsafir olmayan kimsənin namazları cəm etməsinə icazə verən bəzi alimlər isə fərqli hədis kitablarında gələn hədislərin zahirinə əsaslanıblar. Məslən Müslimin rəvayət etdiyi hədisdə İbn Abbas rəvayət edir ki; "Peyğəmbər-sallallahu aleyhi və səlləm - Mədinədə nə qorxu, nə də yağış olmadığı halda zöhr və əsr namazlarını, məğrib və işa namazlarını birlikdə qıldı". Hədisi rəvayət edən davam edib söylədi ki, İbn Abbasdan bunun səbəbini soruşduqda, "Ümmətinə çətinlik olmasın deyə bunu etdi” buyurdu." 6

Bu hədisin açıqlamasında alimlərin əksəriyyəti hədisdə keçən namazların cəm edilmə və ya birləşdirmədəki mənasının "cəm suri" yəni namazları formal birləşdirmə olduğu qənaətindədirlər. Yəni, zahirən namazların birləşdirilmiş kimi görsənib lakin əslində hər bir namazın öz vaxtı daxilində qılınması üsuludur. Məsələn zöhr namazının vaxtı girdikdən sonra zöhr namazını vaxtının sonuna yaxın qılıb sonra ardından əsr namazını, vaxtının əvvəlində qılmaq  və ya məğrib namazını vaxtının sonuna yaxın qılıb sonra işa namazını vaxtı girən kimi vaxtının əvvəlində qılmaq kimi. 

Beləliklə, namazlar ardıcıl qılınır, lakin hər biri öz vaxtında yerinə yetirilir və nəticə etibarı ilə, bu həqiqi cəm olmuş olmur. 

Həmçinin Müslimin rəvayətində gələn başqa hədisdə də formal cəm etməyə işarə edilir. İbn Abbas rəvayət edir ki; "Mən Peyğəmbər-sallallahu aleyhi və səlləm- ilə birlikdə zöhr və əsr namazlarını, həmçinin məğrib və işa namazlarını birlikdə qıldım. O, zöhr namazını gecikdirdi və əsr namazını (vaxtı içində, vaxtın başında) tez qıldı. Məğrib namazını da gecikdirdi və işa namazını (vaxtın içində, vaxtın başında) tez qıldı."  7

Həmçinin İmam Malik və bəzi alimlər yuxarıda keçən hədisin yağışın oluduğu zaman cəm edilməsinə yozublar.

Lakin müqim (müsafir olmayan) kimsənin müəyyən səbəblərə görə namazalarını cəm edib birləşdirməsi ixtilaflı məsələdir. Bunlar haqqında aşağıda dörd məzhəbin görüşlərini sırası ilə müxtəsər qeyd edək:

1-Hənəfi məzhəbinə görə istər səfərdə olsun, istər olmasın, namazları “cəm təqdim” 8 və “cəm təxir” 9  edərək birləşdirmək olmaz, icazəli deyil. Yalnız Həcc mövsümündə Arafat və Müzdəlifə adlanan məkanlarda həcc edənlər üçün namazları birləşdirməyə  icazə verilir. Beləliklə bu haldan başqa heç bir səbəb ilə namazları birləşdirməyə icazə verilmir.

2-Maliki məzhəbinə görə, səfərdə olmayan kimsə üçün də müəyyən hallarda iki namazı cəm etməyə icazə verilir. Lakin bunun üçün şər`i səbəb olmalıdır. Maliki məzhəbində namazların biləşdirilməsinə icazə verilən hallar qısa olaraq bunlardır: Yağış, palçıq və zülmət qaranlıq səbəbləri ilə cəm etmək (birləşdirmək). Şərtləri isə belədir:

- Yalnız məğrib və işa namazını birləşdirmək 

- Bunun üçün hər iki namazı camaatla məsciddə qılmaq

- Namazların cəm ediləcəyini (bir vaxtda qılınacağını) məğrib namazı vaxtında niyyət etmək

Bu iki namazdan başqa isə, yəni, zöhr ilə əsr namazını birləşdirmək icazəli deyildir. 

(Şərtəri isə belədir.Camaatla məsciddə qılınmalıdır və birləşdirmə niyyəti birinci namazın məğrib vaxtında edilməlidir.)
      
3- Şafii məzhəbinə görə səfərdə olan kimsə namazlarını cəm edə bilər. Lakin səfərdə olmayan kimsə sadəcə yağış (müəyyən şərtlərlə) olması halında cəm edə bilər. Şafiilər qeyd edilən səbəbdən başqa, məsələn, xəstəlik halını məşhur olan görüşə görə namazı cəm etmək üçün üzrlü səbəb qəbul etməmişlər. Beləliklə də səfərdə olmayan kimsənin namazlarını birləşdirməsini icazəli saymamışlar. Şafii məzhəbində səfərdə olmayan kimsənin “cəm suri” 10  (şəkil baxımından cəm etmək) adlanan üsuldan istifadə edərək iki namazı cəm etməyi icazəli saymışlar. Bu da həqiqi cəm deyil, formal cəmdir.

4- Hənbəli məzhəbinin görüşü isə daha genişdir. Belə ki, müsafir olmayan kimsənin namazı cəm etməsinə imkan verən bir neçə üzrlü səbəbləri göstərmişlər. 

Hənbəli fəqihləri ağır işlərdə çalışanlara namazı cəm etməyə icazə vermişlər. İmam Mərdavi hənbəli məzhəbinin məşhur fiqh kitabı olan "əl-İnsaf" əsərində Muhamməd bin Muşeyşin rəvayətində İmam Əhmədin belə dediyini nəql edir: "Qeyri səfəri halında, namazları birləşdirmək yalnız zərurət hallarında, məsələn, xəstəlik və ya ciddi məşğuliyyət səbəbilə caizdir."  Qazı Əbu Yalə bunu izah edərək deyir: Burada məşğuliyyət dedikdə , insanın öz canı və malı üçün qorxduğu hallar nəzərdə tutulur. Yəni, əgər bir insan canına və ya malına qarşı təhlükə olduğu üçün cümə və camaat namazlarını tərk edə bilərsə, eyni səbəbdən namazları birləşdirməsi də icazəlidir. Daha sonra müəllif  qeyd edir ki, Şeyx Təqiyyuddin çörək bişirən , aşbaz və bunun kimiləri üçün namazları birləşdirməyə icazə vermişdir. Onun izahına görə, əgər bu şəxslər namazları vaxtında qılmaqla öz mallarının və ya başqalarının mallarının zərərə uğrayacağından qorxarlarsa, onlar üçün namazları birləşdirmək icazəlidir.  11

Nəticə etibarı ilə  verilən suala cavab olaraq deyə bilərik ki,  namaz dinin əsas sütünlarından biri olması və Qiyamət günü qulun hesaba çəkiləcəyi ilk əməl olması etibarı ilə namazı qorumaq üçün əlimizdən gələni etməli və səhlənkar yanaşmamalıyıq. Təhsil aldığımız müəssisədə lazım olan yerlərə müraciət edib icazə əldə etməliyik. İcazə verilməsə belə başqa mümkün alternativ yollara baş vurub namazları qəza halına salmamaq üçün tədbir görməliyik. 

Bəzi alimlər və fətva qurumları hər hansı müəyyən bir səbəb ilə namazları birləşdirməyə icazə versələr belə bunu "adət, vərdiş halına" salmamağı ələlxüsus qeyd etmişlər. Sizin sualdan isə aydın olur ki, bu çox tez-tez təkrarlanan haldır. 

Son olaraq onu da qeyd edək ki, Uca Allah Qurani-Kərimdə belə buyurur: "..Kim Allahdan qorxarsa, Allah ona bir çıxış yolu açar və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər.." 12

 

İstinadlar

Bu cavabı faydalı hesab edirsiniz?

Rəyiniz üçün təşəkkür edirik və xoş gün keçirin!