Dəstəmaz aldıqdan sonra qan çıxması

  • 21.02.2025 - Sual nömrəsi: 1084
  • 40
Geri

Sual

Dəstəmaz aldıqdan sonra hər hansı nahiyədən qan gəlsə dəstəmaz batildir?

Cavab

Bismilləh. Allaha həmd, Rəsuluna salatu-salam olsun!

İslam dini müsəlmana qəlbini, bədən üzvlərini və bədənini paklamağı əmr etmişdir. Qəlbini mənəvi xəstəliklər və çirkablardan, bədən üzvlərini günahlardan və bədənini də mənəvi və fiziki nəcasətdən. 

Bədənin fiziki və mənəvi nəcasətdən təmizlənməsinə fiqhi mənbələrdə “təharət” deyilir və bura qüsl almaq, dəstəmaz almaq, bədən və paltarın nəcasətdən təmizlənməsi mövzuları daxildir. Dəstəmazın vacibləri və onu pozan amilləri Quran və hədislər təfsilatı ilə izah etməkdədir. 

Allah təalə buyurur: “Ey iman gətirənlər! Namaza duracağınız zaman üzlərinizi, dirsəklərlə birlikdə əllərinizi yuyun və başınıza məsh çəkib ayaqlarınızı topuqlarla birlikdə yuyun. Əgər cünub olmusunuzsa, yaxşı-yaxşı təmizlənin (bütün bədəninizi yuyaraq qüsl edin). Xəstə və ya səfərdə olsanız, yaxud sizdən biri ayaq yolundan gəlsə və ya qadınlara toxunsanız (cinsi əlaqədə olsanız və) su tapmasanız, təmiz torpaqla təyəmmüm edərək (torpağı) üzünüzə və əllərinizə sürtün…” 1

Onu da qeyd etmək lazımdır ki, “vasitələrin hökmü qayələrinin hökmünə bağlıdır” qaydasına görə, namaz fərz olduğuna görə, namaz qılmaq üçün dəstəmaz almaq da fərzdir. Rəsulullah s.a.s. buyurur: “Tahursuz (təmizliksiz) namaz qəbul deyildir...”  2

Dəstəmaz almaq özü-özlüyündə həm də bir ibadətdir. Bu ibadət əksər görüşlərə görə Peyğəmbərimizdən s.a.s. əvvəlki ümmətlərdə də mövcud idi. Bu haqda çoxlu hədislər nəql olunmuşdur.

Dəstəmazlı şəxsdən qan ifraz olunarsa, burada iki ehtimal var; 

a) qanın anus dəliyi və sidik kanalından xaric olması

b) qeyd edilən iki dəlikdən savayı bədənin hər hansı yerindən çıxması, axması

Əgər qan anus dəliyi və ya sidik kanalından xaric olarsa, İslam alimlərinin əksəriyyətinə görə -Hənəfi, Şafii və Hənbəlilərə görə - bu qan dəstəmazı pozacaq. 3 Maliki məzhəbi isə qanın anus dəliyi və sidik kanalından xaric olması nadir hallarda baş verdiyinə görə onu digər xaric olan nəcasətlə eyni tutmamışlar. Beləliklə qeyd edilən orqanlardan qanın ifraz olmasının dəstəmazı pozmayacağını bildirmişlər. 4

Əgər qan bədənin digər hissələrindən çıxarsa bu halda Hənəfi 5 məzhəbinə görə qan çıxdığı yerdən ətrafa keçib yayılıbsa dəstəmaz pozulmuş olacaq. Həmçinin Hənbəli 6 məzhəbinə görə əgər çıxan qanın miqdarı çoxdursa dəstəmaz pozular. Miqdarının az və çox olmasını təyin etmək isə normal insanların anlayışına buraxılmışdır. 

Maliki və Şafii məzhəblərinə görə isə bədənin anus dəliyi və sidik kanalı xaric digər hissələrindən çıxan qan dəstəmazı pozmur. 7

Doğrusunu Allah bilir!

 

İstinadlar

Bu cavabı faydalı hesab edirsiniz?

Rəyiniz üçün təşəkkür edirik və xoş gün keçirin!